Lənkəran sakinlərinin QƏDİMDƏN GƏLƏN ADƏTİ: Bu gecə mütləq QARPIZ KƏSİLMƏLİDİR - VİDEO

 21-12-2022

Dekabrın 20-dən 21-nə keçən gecə yer kürəsi qış fəslinə qədəm qoyur. Cənub bölgəsində bu günə “Çillə Axşamı” deyilir və xüsusi adət-ənənə ilə qeyd olunur.

İlin ən uzun gecəsindən sonra qış başlayır və Çillə bayramı da buna görə qeyd edilir. Bu gecədə qar yağması çoxlu sevincə səbəb olur. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yığışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər.

Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir. Əksər ailələr çillə qarpızlarını əvvəlcədən alıb saxlayarlar. Bayram günü evində çillə qarpızı, ya da ağ boranı olsun deyə qabaqcadan ehtiyatını tutmayanlar isə səhər tezdən bazara gedirlər.

Bayram axşamı qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, qışdan qorxmamağa işarədir. Həmin gün nişanlı qızlar üçün bayram xonçası aparmaq adəti bu günümüzə qədər gəlib çatıb. Lənkəran bazarına axın da buna görədir.

Çillə qarpızı kəsilən vaxt niyyət tutulur. Qarpızın baş tərəfini kəsirlər və dörd yerə ayırdıqdan sonra atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, misal üçün, 2-si yaşıl, 2-si ağ olarsa, niyyət qəbul edilmiş sayılır. Çillə qarpızını adətə görə evin ağsaqqalı kəsir və ailə üzvlərinə, qonşulara, xüsusən səhhətində problem olan adamlara verir ki, şəfa tapsınlar. İnanca görə, kim çillə axşamı ürəyində niyyət tutub çillə qarpızından və ya boranısından bir dilim yesə, həm niyyətlərinə çatar, həm də növbəti qışa qədər sağlam olar.

Xalq arasında qış fəsli Çillə adı ilə üç yerə bölünür. Bunlar böyük çillə, kiçik çillə, boz ay və ya ala çillə adlandırılır. Böyük çillə 40, kiçik çillə 20 gün, ala çillə isə bir ay davam edir.

Biz də sizə bu ilki qış fəslini ruzi – bərəkətli, sağlam keçirtməyi arzu edirik.

Daha ətraflı APA TV-nin süjetində:

Bənzər yazılar

0.23149704933167