KOBİA-nın 100 minlik tenderini KOBSKA sədrinə bağlı ŞİRKƏT UDUB

 21-12-2022

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Bizim Diyar” MMC (VÖEN – 130687881) olub.

Müsabiqənin şərtlərinə görə “Bizim Diyar” MMC KOBİA-nın sifarişilə Bakının mərkəzində fəaliyyət göstərən 5 ulduzlu otellərin birində “DAYAQ mükafatı tədbirinin keçirilməsi” ilə bağlı xidmətləri həyata keçirəcək və qarşılığında 94 min 401 manat 42 qəpik alacaq.

Qeyd edək ki tədbirin 3 saat davam edəcəyi və 220 nəfər qonağın iştirak edəcəyi bildirilir.

Məlumat üçün bildirək ki, 3 saatlıq tədbirin təşkili üçün 94 min manat alacaq “Bizim Diyar” MMC 06.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44-də (Caspian Plaza) yerləşir. MMC-nin qanuni təmsilçisi Cabbarlı Xəzər Azər oğludur.

“Bizim Diyar” MMC bu ilin iyun ayında  KOBİA tərəfindən keçirilən daha 3 tender müsabiqəsində qalib olub.



Diqqət çəkən məqamlardan biri odur ki, “Bizim Diyar” MMC yalnız KOBİA-nin keçirdiyi tenderlərdə qalib olub. “Bizim Diyar” MMC-nin adına nə başqa qurumların tenderində, nə də digər açıq internet resurslarda rast gəlmək olmur.

Tenderlə bağlı əsas diqqət çəkən məqam isə odur ki, “Bizim Diyar” MMC-nin qanuni təmsilçisi olan Xəzər Cabbarlı eyni zamanda “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədr müavinidir. “Odlar Yurdu”nun sədri olan Ələsgərova Nigar Elman qızı isə tender keçirən qurumda - KOBİA-də İctimai Şuranın üzvüdür.

Nigar Ələsgərova eyni zamanda KOBİA-nın sifarişi əsasında 2020-ci ildə “Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsini həyata keçirib.

Bundan başqa Nigar Ələsgərova 2020-ci ildə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasını (KOBSKA) təsis edərək sədri olub.

Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.14026188850403