“Cari ilin 11 ayı ərzində təkcə daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqədar əvvəlki illə müqayisədə 27% çox, yəni 10 148 cinayət aşkarlanıb”.
Bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) bu gün keçirilən “Narkotik və steroidlərlə mübarizə” ilə bağlı tədbirində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Nadir Məmmədov deyib.
O bildirib ki, müvafiq artım narkotiklərin satışı ilə bağlı cinayətlərin dinamikasında da qeydə alınmaqla 10% və ya 3 281 fakt təşkil edib:
“Eləcə də 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-leqal dövriyyədən 340 kiloqram çox, yaxud 3 ton 315 kiloqram narkotik vasitə və 327 kiloqram psixotrop maddə götürülüb. 1 ton 123 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Aşkarlanmış narkotiklərin 1 ton 516 kiloqramını marixuana, 1 ton 473 kiloqramını heroin, 163 kiloqramını tiryək, 19,3 kiloqramını isə həşiş təşkil edib”.
Eyni zamanda qeyd olunub ki, ölkəmizin əlverişli coğrafi mövqeyi narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslərin və transmilli cinayətkar şəbəkələrin diqqətindən yayınmır.
“Bu baxımdan, tərəfimizdən qanunsuz idxal-ixrac və tranzit daşınma marşrutları müntəzəm təhlil edilir. Narkotiklərin xarici ölkələrdən idarə olunan sosial şəbəkə profilləri vasitəsilə, eləcə də mobil tətbiqlər üzərindən satışı hallarının qarşısının alınması istiqamətində də kəsərli tədbirlər həyata keçirilərək qeyri-leqal dövriyyədən ümumilikdə bir tondan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb”, - deyə Nadir Məmmədov qeyd edib.