Polşa səfiri: “Qarabağda mədəni abidələrin bərpasında təcrübəmizi bölüşməyə hazırıq”

 20-12-2022

“Gələcəkdə xarici turistlər Şuşa şəhərinin və Azərbaycanın işğaldan azad edilmiş digər ərazilərinin tarixi abidələrindən həzz alacaqlar”.

“Report” xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Bakıda keçirilən “Polşanın tarixi-memarlıq irsi” adlı sərgidə deyib.

“Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpası işində uğurlar arzulayıram. Ümid edirəm ki, turistlər gələcəkdə bu torpaqlardakı bərpa edilmiş tarixi və mədəni abidələrdən həzz alacaqlar”, - səfir bildirib.

Polşalı diplomatı İkinci Dünya müharibəsi illərində Varşavanın tarixi irsinin məhv edilməsi ilə 30 illik işğal zamanı Ağdam şəhərinin dağıdılması arasında paralel aparıb: 

“Lakin dağıdılanlar, o cümlədən qalalar bərpa olundu. Düşünürəm ki, polşalı mütəxəssislər bu sahədə malik olduqları təcrübəni Azərbaycan ilə bölüşə bilərlər”.

R.Poborski sərgi haqqında danışaraq vurğulayıb ki, bu, Polşanın memarlığının nə qədər zəngin olduğunu nümayiş etdirəcək və ölkənin memarlıq incilərini daha yaxından tanımağa kömək edəcək.

Xatırladaq ki, sərgi Bakıda “Dünya ölkələrinin memarlıq şedevrləri” layihəsi çərçivəsində keçirilir. Məqsəd müxtəlif ölkələrin memarlıq xüsusiyyətləri, üslubları, tarixi, dizaynı və mədəni irsi ilə tanış olmaqdır. Bu, layihə çərçivəsində üçüncü tədbirdir.

Bənzər yazılar

0.52446889877319