İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdül-Əziz Əl-Falih ilə görüşüb.
Milletinsesi.info xəbər verir ki, İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.
Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdül-Əziz Əl-Falih ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Səudiyyə İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Abdulrahman Al-Marshad imzalayıblar. Memorandumda Səudiyyə İnkişaf Fondu tərəfindən ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşdirilməsi üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb.
Görüşdən sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdül-Əziz Əl-Falih sahibkarlarla görüşüb, biznes dialoqun genişləndirilməsini müzakirə edib, təklifləri dinləyiblər.