Bayram qabağı düyünün qiymətinin bahalaşmanın SƏBƏBİ NƏDİR? 

 18-12-2022

Azərbaycan mətbəxinin şahı plovdur. Elə bir tədbir, bayram, yığıncaq ola bilməz ki, süfrədə plov olmasın. Elə qarşıdan gələn Yeni İl bayramında da belə olacaq. Plovu bişirmək üçün düyü lazımdır. Düyününsə qiyməti bahalaşıb. Bu bahalaşmanı marketlərdə aydın şəkildə müşahidə edə bilərik.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumatda da düyünün qiymətinin ötən il ilə müqayisədə bu il artdığı əksini tapır. Uzun düyünün 1 kiloqramının orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 3,98 manatdan 4,45-ə yüksəlib. Bununla da orta qiymət 56 qəpik, yəni 14,3 faiz artıb. Yerli uzun düyü ötən illə müqayisədə 82 qəpik, yəni 19,4% bahalaşaraq 5,05 manat təşkil edib. İdxal edilən uzun düyünün qiyməti də 38 qəpik, yəni 10,7% artaraq 3,93 manat təşkil edib. Yumru düyünün qiymətində isə 1 kiloqram düyünün orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 42 qəpik, yəni 18,4% artıb və 2,70 manat olub. Yerli yumru düyünün qiyməti 39 qəpik, yəni 16,6% bahalaşaraq 2,74 manat, idxal olunan düyünün qiyməti 44 qəpik, yəni 20% faiz artaraq 2,66 manata yüksəlib.

Bəs görəsən bu bayramqabağı bahalaşmanın səbəbi nədir?

İqtisadçı Pərviz Heydərov bildirib ki, düyünün qiyməti ilin əvvəlindən artmağa başlayıb:

“Yerli düyü istehsalı əsasən Astara, Lənkəran, Masallıdadır. Amma Azərbaycan öz düyü tələbatının cəmi 15 faizini ödəyə bilir. Qalanını Hindistan, Pakistan və digər ölkələrdən alırıq. Bu ölkələr çəltikçilik üzrə dünyada ən ön sıradadırlar. Onlarda düyü kənd təsərrüfatı istehsalında mühüm yer tutur, maya dəyəri aşağıdır. Bizdə yerli tələbatı ödəyən 15 faiz də baha başa gəlir. Ona görə yerli məhsulun qiymətini ucuzlaşdıra bilmirik. Baha başa gəlməsinin səbəbi düyünün suvarılmasındakı problemlər, işçi qüvvəsinin daha bahalı olmasıdır”.

P.Heydərov qeyd edib ki, Hindistandan idxal etdiyimiz düyünün qiyməti Pakistandan gətiriləndən bahadır:

“Ucuz olanın daha çox gətirilməsi üçün Nazirlər Kabineti noyabrda qərar qəbul etdi ki, Pakistandan idxal edilən düyü 2027-ci ilin 31 dekabrına qədər gömrük rüsumundan azad edilsin. Həmin qərar bir aydan sonra qüvvəyə minəcək. Bu rüsumun götürülməsi bazarda qiymətləri müəyyən dərəcədə sabit saxlaya biləcək. Ucuzlaşdırmayacaq, bahalaşmanın qarşısını alacaq”. 

İqtisadçının sözlərinə görə, Azərbaycanda çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün müvafiq dövlət proqramı var:

“Ölkə əhalisinin düyüyə olan tələbatını yerli istehsal hesabına maksimal səviyyədə ödəmək, idxalı bacardıqca minimuma endirmək, çəltikçilik emal sənayesini inkişaf etdirmək və kənd əhalisinin bu sahədə məşğulluq səviyyəsini genişləndirmək proqramın qarşıya qoyduğu məqsədlərdir”.  

P.Heydərov qeyd edib ki, ölkəmizin öz tələbatını 30-40 faizə qədər ödəmək imkanı var:

“Cənub rayonlarında və digər ərazilərdə istehsalı artırmaq imkanımız var. Daxili tələbatı 35-40 faiz özümüz təmin edə bilsək, idxaldan asılılıq azalar. O zaman heç Pakistan düyüsündən gömrük rüsumunu götürməyə də ehtiyac qalmaz”.

Ekspertin fikrincə, düyü istehsalımızı artırmaq üçün müəyyən işlər görülməlidir:

“Bizdə işçi qüvvəsinin baha olduğunu desək də, bizim kəndlilər bu sahədən lazımi gəliri götürə bilmirlər. Kəndliyə stimul vermək, dəstək göstərmək lazımdır. Qəbul edilən proqram keyfiyyətlə icra edilməlidir. Azərbaycanda yerli istehsalı artırmaq, çəltikçiliyin inkişafı üçün əsas şərt suyun bol olmasıdır. Ona görə də suvarma sistemindəki problemlər aradan qaldırılmalıdır. Həmçinin ucuz və həvəsli işçi qüvvəsinə ehtiyac var”.

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli bildirib ki, yerli düyümüzün baha olmasının səbəblərindən biri istehsalın az olmasıdır:

“Azərbaycanın istehsal etdiyi düyü ölkənin illik ehtiyacının təxminən cəmi 15-20 faizidir. Qalanını xaricdən idxal edirik. Azərbaycanda düyünün məhsuldarlığı az, istehsalın maya dəyəri daha yüksək olduğu üçün bu, daxili bazarda da yerli istehsalın nisbətən baha olmasına səbəb olur”.  

C.İbrahimli qeyd edib ki, idxal qiymətinə dünyadakı proseslər təsir edib:

“Məhsulun daşınması, gətirilməsi və digər xərclərlə birlikdə inflyasiyanın bütün mallara təsir etdiyini nəzərə alsaq, düyünün qiymətində də keçən illə müqayisədə artım var. Sadəcə olaraq, əvvəlki illərdə Rusiyadan da məhsul idxal olurdu. Ancaq cari ildə Rusiya bu tipli məhsulların satışında məhdudiyyət tətbiq edir deyə, idxal azalıb. Yəni idxalın Rusiya tərəfindən azalması və digər bazarlardan gətirilməsi, daşınma xərclərinin artması qiymətin də yüksəlməsinə səbəb olur”.  

Ekspertin sözlərinə görə, düyünün qiymətinin daha çox artacağı gözlənilmir:

“Bu sahəyə digər sahələrlə müqayisədə subsidiya daha çox ayrılır. Məsələn, 1 hektar üçün 360 manat subsidiya verilir. Təməl qida maddəsi olduğu üçün bu məhsulun istehsalının artmasında dövlət maraqlıdır. Amma mövcud torpaq, su, hava şəraitini nəzərə alsaq, həcmi artırmaq imkanlarımız məhduddur. Növbəti illərdə əkin sahələrinin və məhsuldarlığın artacağı gözlənilir. Amma idxalımızı azaltmaq mümkün olmayacaq. Hələ ki, idxaldan asılı vəziyyətdə qalacağıq. Məhsulun qiymətinin qalxmasına və enməsinə daha çox beynəlxalq aləmdə, yəni xarici bazarlarda olan proseslər, ərzaq məhsullarının qiymətinin yüksəlməsi və düşməsi təsir edəcək. Amma 2022-ci ildə dünya bazarlarında bütün məhsullar üzrə əvvəlki illərdən fərqli olaraq qiymətlərdə tənzimlənmə var. Ona görə bu məhsulun qiymətində artım olacağını gözləmirəm”.  

Bənzər yazılar

0.14308500289917