Vasile Simileanu: “Azərbaycan Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarıdır”

 18-12-2022

“Bu yaxınlarda Bakıda və Buxarestdə Azərbaycanla diplomatik əlaqələrin 30 illiyini qeyd etdik. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş ikitərəfli strategiyalar Prezident İlham Əliyevin dövründə də davam etdirilib. “Yaşıl enerji” layihəsinin yaradılması təşəbbüsünu çox alqışlayıram. Xüsusilə Ukraynadakı müharibə səbəbindən yaranmış enerji böhranını nəzərə alsaq bu layihə çox aktualdır”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Rumıniyada nəşr olunan nüfuzlu “Geopolitika” jurnalının baş redaktoru, professor, siyasi analitik Vasile Simileanu deyib.

Analitik bildirib ki, bu layihənin gerçəkləşdirilməsi Avropa İttifaqı üçün faydalı təsirləri olan, imzalayan dövlətlərin nüfuzunu artıracaq cəsarətli bir addımdır:

“Dörd dövlət bu layihə nəticəsində enerji müstəqilliyi qazanacaq, yeni iş yerlərinin yaradılmasına nail olacaq. Xüsusilə, enerji sahəsində ehtiyatları olmayan Macarıstan üçün layihənin əhəmiyyəti böyükdür. Azərbaycan öhdəliklərini yerinə yetirərək etibarlı tərəfdaş kimi çıxış edir. Eyni zamanda, ölkəniz enerji resursları, xüsusilə də təbii qaz və neft bazarında aparıcı rol oynayır. Buxarestin təşəbbüsü təhlükəsizliyimizi digər dövlətlərlə müqayisədə artıracaq. Azərbaycan öz enerji resursları ilə mühüm müqavilələr bağlayıb ki, bu da dünyada danılmaz faktdır.

Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün körpüdür, Türkiyə ilə birgə əksəriyyəti tamamlanan mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcək”.

Bənzər yazılar

0.15629982948303