Daxili işlər nazirinin müavininin təqaüdə göndərildiyi iddia edilib.
Milletinsesi.info xəbər verir ki, iddialara görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb.
Əmrə əsasən, nazirin müavini, polis general-leytenantı Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.
1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.
Prezidentin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 26 dekabr tarixli 424 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə, 2014-cü il 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri, 8 dekabr 2022-ci il tarixli 3636 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəlidir. Üç övladı var.
Xatırladaq ki, 2022-ci il dekabrın 8-də ölkə başçısının sərəncamı ilə, Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.