Azərbaycanda ticarət zamanı kartdan karta köçürülən ödənişlərin araşdırılması TƏKLİF OLUNUR

 17-12-2022

Azərbaycanda alış-veriş zamanı kartdan karta olan ödənişlər müəyyən limiti keçdikdən sonra araşdırılmalıdır.

“Report” xəbər verir ki, bunu texnoloji həllər sahəsində fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Zeynal Kərimzadə bu gün Bakıda keçirilən “Azərbaycanın 1-ci E-ticarət günü” elektron ticarət konfransında bildirib.

O qeyd edib ki, sahibkarlar VÖEN açmaq istəmədikləri üçün hər hansısa bir alış-veriş zamanı müştərilərə ödəniş etmələri üçün öz şəxsi kartlarını verirlər.

Z.Kərimzadə bunun kifayət qədər böyük bir dövriyyə olduğunu qeyd edib:

“Biz yeni bazarlar açmazdan və yeni müştəriləri cəlb etməzdən öncə, birinci bu “Grayzone” adlandırdığımız məsələyə gəlməliyik, onu ağartmalıyıq, daha sonra isə növbəti addımlarımızı düşünməliyik”.

Şirkət rəhbəri bazarda kifayət qədər e-ticarətə qoşulma imkanı yaradan şirkətlərin olduğunu vurğulayıb:

“Pandemiya dövründə olduğu kimi, hazırda da müştəri və sahibkarlar deyə bilməz ki, bizim infrastrukturumuz yoxdur. Marketlərdə gördüyümüz tendensiya, "ƏDV geri al" sisteminə interqasiyasından sonra baş tutdu. İnsanlar mağazalardan çeklərini tələb etməyə başladılar. Bu da ümumi prosesi şəffaflaşdırdı. Çünki, burada şəxsi maraqlar var idi, hansı ki keşbeklər təqdim olundu və bunun hesabına vətəndaşlar həm ödənişlər edə bilir, həm də, həmin pulu nağdlaşdıra bilir. Biz gözləyirik ki, "ƏDV geri al" imkanı elektron ticarətdədə istifadə edilsin. Bu halda elektron kommersiya böyüməyə başlayacaq”.

Z.Kərimzadə bu prosesin müəyyən çətinlikləri olduğunu da bildirib:

“Bugünki gündə elektron açarlar yoxdur və biz vergi xidmətindən bu sahədə aktiv işlər gözləyirik. Düşünürəm ki, 2023-cü ildə biz artıq bunun üzərindən müəyyən işlər görə biləcəyik”.

Şirkət rəhbəri daha sonra Azərbaycan Mərkəzi Bankının fintex şirkətlərinin komissiyalarını qaldırılmaları mövzusuna da toxunub:

“Biz fintex olaraq marja ilə işləyən şirkətlərik. Yəni, banklardan müəyyən komissiyalar götürürük və üzərinə müəyyən bir marja qoyub satırıq. Nə vaxt ki, banklar bizim üçün komissiyaları qaldırır, biz də məcbur oluruq ki, haqları qaldıraq. Müştəri bunu başa düşmür”.

Bənzər yazılar

0.14511394500732