Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın DOĞUM GÜNÜDÜR

 16-12-2022

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azərbaycana” qəzetinin müxbiri olmuş Salatın Əziz qızı Əsgərovanın doğum günüdür.

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 

O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.

Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, dörd il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. Salatın tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. 

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub.

1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçuları tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızca qətlə yetirilib. Qeyd edək ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

6 noyabr 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bənzər yazılar

0.13978505134583