Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb.
“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.
Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nin və DGK-nın ayrıca postlarının olması tələbini irəli sürüblər.
Bundan başqa, Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 7 nəfərin ölməsi, bir nəfərin şəhid olması hadisəsi ilə bağlı şüarlar səsləndiriblər.
“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.
Onlar aksiyada “Mina terroruna son!” şüarını səsləndiriblər.
Dinc aksiya hazırda davam edir.
Onu da qeyd edək ki,Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəalların haqlı tələbləri genişlənib.
Bunadək ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istifadəsinin qarşısının alınmasını və həmin yataqlarda monitorinqlərin aparılmasını tələb edirdilər.
Bu gün isə fəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən bütün yataqlarda monitorinqlərin keçirilməsini tələb edirlər.
Həmçinin, Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirilən əraziyə Rusiya sülhməramlıları tərəfindən üç ədəd səsgücləndirici gətirilib. Onların bunu hansı məqsədlə etdiyi hələlik məlum deyil.
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür ki, davam edir.
Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri ötən axşam da ərazidə quraşdırılan çadırlarda gecələyiblər.
Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.
Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında bəyan edirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.