“Batmış gəmiləri çıxarır, dənizin dibinə dayaq bloklarını basdırırıq” - Xidmət rəisi ilə MÜSAHİBƏ 

 14-12-2022

Dalğıc peşəsi ən riskli sahələrdən biri hesab olunur. Amma bu peşə riskli olduğu qədər də əhəmiyyətlidir. Dalğıc olmaq üçün çox çətin sınaqlardan keçmək lazımdır.

Oxu.az-ın suallarını Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin rəisi Zaur Cəfərov cavablandırıb.

- İlk olaraq Dalğıc Xidmətinin yaranma tarixindən danışaq. Nə vaxt yaradılıb? Əvvəlki adları necə olub?

- 1975-ci ildə dəniz neft-qaz çıxarma idarələrinin dəniz hidrotexniki qurğularında sualtı-texniki işlərin yerinə yetirilməsi üçün İxtisaslaşmış Sualtı Texniki İşlər və Dənizin Neftlə Çirklənmədən Qorunması İdarəsi yaradılıb. Əsasən, dənizdə hidrotexniki qurğuların sualtı hissələrinin, sualtı boru kəmərlərinin, quyu, nasos və kabel şaxtalarının su altında xüsusi konstruksiyalarının xamıtlarla bərkidilməsi kimi bütün növ sualtı texniki işləri yerinə yetirib.

Bu idarənin digər əsas fəaliyyət sahəsi də dənizdə neft təzahürü ilə nəticələnən qəzaların aradan qaldırılması olub. 

1992-ci ildə qeyd olunan idarənin bazasında Xəzər Dəniz Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi yaradılaraq, idarənin fəaliyyət sahəsi genişləndirilib və dalğıc işlərindən əlavə, dəniz özüllərində xilasetmə işlərinin təşkili də bu idarəyə həvalə edilib. 2007-ci ildə Xəzər Dəniz Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin bazasında SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının tərkibində Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi yaradılıb.

2013-cü ildə Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi Xəzər Dəniz Neft Donanmasının tərkibindən çıxarılıb və 2017-ci ildə Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin bazasında “Azneft” İstehsalat Birliyinin tərkibində Dalğıc Xidməti yaradılıb.

- Dalğıc Xidməti hansı dəniz yataqlarında fəaliyyət göstərir?

- Xidmət Birliyin “28 May”, “Neft Daşları”, “Abşeronneft” və “N.Nərimanov” adına NQÇİ-lərinin Xəzər dənizində “Günəşli”, “Neft Daşları”, “Bulla” dəniz yatağı, “8 Mart”, “Səngəçal”, “Darvin bankası”, “Qərbi Abşeron”, “Abşeron bankası” yataqlarında istismar edilən dəniz hidrotexniki qurğularda dalğıc və heyətsiz su aparatları ilə sualtı-texniki işləri yerinə yetirir.

- Dalğıcların yataqlarda suyun dibinə enmələri necə təşkil olunur? Qruplar hansı vaxt aralığında suda olur?

- Dalğıc heyəti müəyyən vaxtla işləyir. Gəmilərdə və dərin dəniz bloklarında dalğıc məntəqələri təşkil olunub. Stansiyaların həcmindən asılı olaraq, həmin məntəqələrdə dalğıc heyəti təxminən yeddi-doqquz nəfər olur. Stansiyaların tərkibində dalğıc işləri stansiyası, mexanik, çilingər, sahə rəisi və müavini olur.

Bir dalğıc stansiyası orta statistik olaraq, təxminən 12 nəfərdən ibarətdir. Ayın 15 günü dənizdə, 15 günü isə istirahətdə olurlar. Suya enmələri bir dalğıc edir, digər dalğıc onun sığortasında dayanır. Tələb olunarsa, ikinci dalğıc suya enir. Bəzi məntəqələrimizdə isə eyni anda suda iki dalğıc olur. İşini bitirən dalğıc istirahətə yollanan zaman onu əvəz edən dalğıc tapşırığı yerinə yetirir. Elə gün olur ki, bir gün ərzində stansiyada olan bütün dalğıcların hamısı suda işləyir. 

- Bir dalğıcın suda qalması üçün neçə saat lazım olur?

- Onların suda qalmasını müəyyən edən xüsusi cədvəl var. Həmin cədvəldə dalğıcın maksimum hansı dərinlikdə neçə metr qala bilməsi, işini nə qədər müddətə tamamlaması qeyd edilir. Dalğıcların suda qalması dərinliklərdən asılıdır və dalğıc altı saat da, 30 dəqiqə də qala bilər. Dərinlik artdıqca, dalğıcın işləmə vaxtı azalır. 

- SOCAR-ın özünün istismar etdiyi yataqlardan başqa, Azərbaycanda fəaliyyət göstərən daha hansı neft-qaz şirkətlərinin sifarişlərini DX yerinə yetirir?

- Xidmət Azərbaycanda fəaliyyət göstərən bir çox qabaqcıl neft-qaz şirkətlərilə dalğıc sualtı-texniki və dalğıc mühəndislik işləri üzrə əməkdaşlıq edir. Bu şirkətlərə “Casipan Drilling Company” LTD, “Bos-Shelf” LLC, “CNS International” daxildir. 

- Ölkəmizdən başqa digər Xəzəryanı və ya başqa ölkələrin sifarişləri yerinə yetirilirmi?

- Dalğıc Xidməti olaraq, ölkə xaricində olan şirkətlərlə bu istiqamətdə işlər aparılır. 

- Hansı beynəlxalq sertifikatları var? Hansı beynəlxalq qurumların üzvüdür? 

- Bizim quruma “American Bureau of Shipping”in (ABS) nəzarəti altında olan dənizdə üzən qurğuların sualtı hissələrinin, eyni zamanda Rusiya Dəniz Gəmiçiliyi Registrinin nəzarəti altında  olan, Xəzər dənizində üzən qurğuların sualtı hissələrinin doka qaldırılmasında sualtı-texniki işlərin yerinə yetirilməsi üçün ABS şəhadətnamə verib.

Dalğıc Xidməti 1997-ci ildən Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (IMCA) üzvüdür və 2022-ci ildə də üzvlük yenilənib. “Azneft” İB-nin Dalğıc Xidməti ISO 9001 (keyfiyyət idarəetmə sistemi üzrə), ISO 14001 (ekologiya idarəetmə sistemi üzrə) və ISO 45001 (əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi üzrə) “Bureau Veritas”ın sertifikatlarına malikdir.

Əlavə olaraq onu da deyim ki, Dalğıc Xidməti Xəzər dənizində üzən qurğuların sualtı hissələrində sualtı-texniki dalğıc işlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Dəniz və Liman Agentliyi tərəfindən şəhadətnamə alıb.

- Dalğıc Xidməti hansı avadanlıqlar, aparatlarla təchiz olunub? 

- Xidmət dalğıc işlərinin keyfiyyətlə, təhlükəsiz şəraitdə yerinə yetirilməsi üçün müasir dalğıc avadanlıqlarına malikdir. Bu gün Dalğıc Xidmətinin sərəncamında istehsalat sahələri üzrə səkkiz ixitsaslaşdırılmış dalğıc gəmisi, 60 metr dərinliyə qədər üç ədəd və 12 metr dərinliyə qədər isə iki ədəd mobil dalğıc kompleksi, su altında televiziya tədqiqatı və kiçikhəcmli texniki işləri yerinə yetirmək üçün müasir standartlara cavab verən bir ədəd heyətsiz sualtı aparat kompleksi quraşdırılmış gəmi var. 

Əlavə olaraq 2020-ci ilin birinci rübündə müasir standartlara cavab verən, dənizin 200 metr dərinliyinə qədər saturasiya üsulu ilə dalğıc işlərinin yerinə yetirilməsi üçün mobil dərinlik dalğıc kompleksinin Dalğıc Xidmətinin öz yerli mütəxəssislərinin gücü hesabına quraşdırılması işləri yekunlaşdırılıb. Kompleksin quruda sınaqları uğurla aparıldıqdan sonra 2022-ci ildə dəniz sınaqları yekunlaşıb, o, ABS tərəfindən şəhadətləndirilmiş Mobil Dərinlik Dalğıc Kompleksi sisteminə malikdir.

- Burada işləyən dalğıclar hansı prosedurlardan sonra işə götürülürlər? Dalğıclar hansı sertifikatlarla təmin olunmalıdırlar ki, burada işləsinlər?

- “Azneft” İB-nin Dalğıc Xidmətində çalışan dalğıcların işə qəbul proseduru, əsasən, SOCAR-ın Təlim-Tədris Sertifikatlaşma İdarəsində tədris olunan altı aylıq dalğıc hazırlıq məktəbini müvəffəqiyyətlə bitirdikən sonra dalğıc diplomu (dalğıc şəxsi kitabçası) verilir. Daha sonra Dalğıc Xidmətində vakansiyalar yarandıqca SOCAR-ın işə qəbul proseduruna uyğun olaraq, öncə müsahibəni, sualtı mütəxəssislər tərəfindən verilmiş praktiki tapşırıqları yerinə yetirdiyi imtahan mərhələsini keçdikdən sonra işə qəbul edilir.

Ümumiyyətlə, “Azneft” İB-nin Dalğıc Xidmətində dalğıc kimi işləmək istəyən hər bir dalğıcın I və ya II qrup kvalifikasiya üzrə şəxsi dalğıc kitabçası olmalıdır.

- Hansı unikal əməliyyatları yerinə yetirir Dalğıc Xidməti? Əgər varsa, hansı unikal əməliyyatlardır ki, digər ölkələrdən fərqlənir?

- Dalğıc Xidməti 60 metrə qədər hava-dalğıc, 200 metrə qədər saturasiya-dalğıc və 1000 metrə qədər isə heyətsiz aparat vasitəsilə televizya tədqiqatı işlərini yerinə yetirir.

Xəzər dənizində dayaz sulu “Günəşli” yatağında olan Dərin Dəniz Özüllərində neft-qaz xətlərinin, nasos, kabel və quyu şaxtalarının sualtı hissələrinin sərt, teleskopik və xüsusi tipli xamıtlarla bərkidilməsi, sualtı boru xətlərinin xüsusi paraşütlər vasitəsilə dəniz dibi qruntdan qaldırılaraq sualtı üzdürülməsi, batmış gəmilərin qaldırılması, su altında metal əşyaların elektro-oksigen üsulu ilə və ya mexanikləşdirilmiş hidravlik alətlər vasitəsilə kəsilməsi, dənizdə yeni tikiləcək Dərin Dəniz Özüllərinin dayaq bloklarının dənizdə təyinat nöqtəsində batırılması, üzən qurğuların sualtı hissələrinin doka qaldırılmadan əsaslı təmiri, dənizdə qəza-xilasetmə əməliyyatları kimi xüsusi təyinatlı dalğıc işlərini yerinə yetirir ki, bu da öz unikallığı ilə digər ölkələrdə aparılan dalğıc əməliyyatlarından fərqlənir. 

Daha çox şəkil burada: PhotoStock.az

İlhamə Əbülfət

Bənzər yazılar

0.14371395111084