Lent.az-ın redaksiyasına daxil olan şikayətə əsasən, kinoteatra getmişdik. Kinoteatrın özü isə artıq bir kinoya çevrilib.
Orada gördüklərimizi, yaşadıqlarımızı bəlkə də siz heç dəhşətli filmlərdə görməmisiniz. Yoxsa bura vaxtilə göstərdiyi qorxulu filmlərin lənətinəmi keçdi?...
Bura kinoteatr demək üçün bir neçə şahidin olmalıdır ki, həqiqətən buna inanasan. Gördüklərimizi sözlə ifadə etmək çətin idi. Odur ki, istəyirik oradakıları siz özünüz də görəsiniz.
Sözügedən kino evi Xırdalan ərazisində yerləşir, məşhur “At heykəli”nin yaxınlığındadır. Təəssüf hissi ilə bildirirəm ki, bu kinoteatrın yalnız adı qalıb. Adı var, özü yox. Xaraba qalmış binanın ətrafını yoxladıq, girişini tapmağa çalışdıq. Binanın arxasında paslı, köhnə pilləkən gördük. Uzun pilləkənlərdən yuxarı çətinliklə qalxdıq.
Havada uçuşan milçəklər, yerə səpələnmiş şüşə parçaları, zibilxanaya çevrilmiş natəmiz ərazi ikrah olunası mənzərə kimi yadımızda qaldı. Çəkiliş üçün hərəkət belə etmək mümkünsüz idi. 2-ci mərtəbəyə güclə də olsa, qalxa bildik. Elə təzəcə içəriyə ayaq qoymuşduq ki, yerdə şprislər, tibbi məhlul qabları, o başda yorğan-döşək və başqa istifadə olunmuş əşyaları gördük. Geniş ərazisi olan zal boyda otağın tez-tez ziyarətçilərinin olunduğunu yəqin etmişdik. Buranın narkotik aludəçilərinin yuvasına çevrildiyi açıqca görünürdü. Ancaq içəridə digər bir otaq da var idi. Bu otağın köhnə, cırıldayan qapısını açmamış kəskin üfunət qoxusu bizi “vurdu”.
İçərini çətinliklə də olsa, yoxlamağa çalışdıq. Ayağımızı asta-asta basaraq içəri qapını da açdıq və yerdə döşənmiş yorğan-döşək gördük, yan-yörəsində də bir neçə şpris... Hə, indi əmin olduq ki, dəqiq burada kimlərsə yaşayır. Əgər yaşamaq demək olarsa... İşimizi yekunlaşdıran kimi, özümüzü dərhal çölə atdıq.
İçəridəki toz və mikroblu mühit gözümüzü qaraltdı, hələ auditoriyası dağılmış, oturacaqları qırılıb-tökülmüş və yerdə bizə baxan qadın tablosu çox şey dedi.
Onu da deyək ki, redaksiyamıza daxil olan şikayət gördüklərimizin yanında hələ az idi. Bəs bu dəhşəti görən rəsmi qurumlar yoxdur?
Bu bina barədə suallarımıza cavab axtarmaq üçün yaxınlıqda yaşayan sakinlərə yaxınlaşdıq. Mikrofonumuza danışmaq istəməsələr də, kameraarxası həmsöhbət olduq. Sən demə onlar məcburi köçkündürlər və köçməyə hazırlaşırmışlar. Bu binanın da, ətrafdakı yaşayış yerlərinin də plana düşdüyünü dedilər. Kinoteatrın çoxdan bu vəziyyətdə olduğunu, hətta içəridə narkotik istifadəçilərinin yaşadığını da dilə gətirdilər. Hətta dediklərinə görə narkomanlar köhnə kinoteatrın dəmir-dümürünü satıb, pəncərələrini qırıblar. Lakin heç kimin gəlib maraqlanmadığına görə narahatlıqlarını da çatdırdılar.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov ilk olaraq bildirdi ki, həmin ərazi özəlləşdirilib və dövlət mülkiyyətindən çıxarılıb. Onun sözlərinə görə, ərazidə Rayon İcra Hakimiyyətinin müvafiq qurumu tərəfindən bir neçə dəfə təmizlik aparılıb və nəzarət altındadır. İcra Hakimiyyəti rəsmisi onu da bildirdi ki, orada qeyri-qanuni fəaliyyət müşahidə olunmayıb və bununla bağlı müraciət edilməyib.
Ərazinin kim tərəfindən özəlləşdirildiyi isə bəlli olmadı.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin inspektoru Anar Qafarov isə bildirdi ki, həmin sahəni özəlləşdirən şəxsə dəfələrlə xəbərdarlıq olunub, müvafiq polis idarəsinə dəvət olunub ki, ərazi hasarlansın və kənar şəxslərin daxil olması dayandırılsın. Bununla yanaşı, həmçinin ərazidə tüfeyli həyat tərzi keçirən şəxslərin yığışmaması və ətrafdakı sakinlərin narahatlığına səbəb olmaması üçün dəfələrlə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib. Onlarla bağlı davamedici profilaktik tədbirlər görülür.
Belə...
Ümid edirik ki, kinoteatrın hazırkı sahibi sözün bütün mənalarında məkana sahib çıxar. Yoxsa paytaxt Bakının yaxınlığında belə dəhşətli mənzərənin olması çox dözülməzdir.
VİDEO: Emil Məmmədov