Naxçıvandakı hərbçilər DTX-ya ŞİKAYƏT EDİR: Generalın qardaşı bizi QUL KİMİ İŞLƏDİR... - İDDİA

 12-12-2022

Naxçıvanda hərbi xidmət keçən bir qrup zabit və MAXE  facebook sosial şəbəkəsindəki “Gündəlik Naxçıvan” səhifəsi vasitəsi ilə ictimaiyyətə və DTX əməkdaşlarına müraciət ünvanlayıb.

Bu müraciət vasitəsi ilə hərbçilər, ictimaiyyəti Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundakı korrupsiya, rüşvət və özbaşınalıq halları ilə məlumatlandırmaq istəyirlər. Onlar həmçinin DTX-dan bu orduda yoxlamalara başlayıb, baş verən qanunsuzluqlara son qoymalarını xahiş edirlər:

“Biz, Naxçıvanda hərbi xidmət edən zabitlər və digər rütbəli hərbi qulluqçular Azərbaycanı canımız qədər sevirik və vətən uğrunda canımızdan keçməyə hazırıq. Bunu, bizim 2-ci Qarabağ Müharibəsindəki iştirakımız da göstərdi. Lakin, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev bizimlə bir hərbçi kimi yox, öz şəxsi mülkiyyəti kimi davranır, bütün hüquqlarımız tapdayır, maaşımızı kəsir, bizim qul kimi işlədilməmizə şərait yaradır. Naxçıvanda aparılan bütün söküntü və park tikintisi işlərini biz hərbçilərə gördürüb, büdcədən ayrılan milyonları mənimsəyirlər. Bunun üçün zabit, MAXE və əsgərlərdən qanunsuz olaraq, xüsusi briqadaları yaradılıb. Hər gün yüzlərlə hərbçi mülki formada tikintilərdı qul kimi işlədilir. Onların gördüyü iş mülki şəxslərin adına sənədləşdirilir və bu maaşlar mənimsənilir. Bu işlərə generalın qardaşı Nemət Mustafayev rəhbərlik edir.

Kərəm Mustafayev bütün ordu heyətini heç bir hərbi rütbəsi və savadı olmayan, tərbiyəsiz hərəkətləri ilə tanınan qardaşı Nemətin tabeliyinə verib. Nemət Mustafayev orduda qeyri-rəsmi olaraq, ikinci sözükeçən adamdır. Rütbə və vəzifəsindən asılı olmayaraq, bütün hərbçilər onun qarşısında farağat dayanmağa, ona itaət etməyə məcbur edilir. Nemət Mustafayev istədiyi vaxt hərbi hissələrə girir, ona tabe olmaq istəməyən yüksək rütbəli zabitləri tərbiyəsiz sözlərlə söyür, təhqir edir, üzünə tüpürür, döyür, həbs etdirir, bizim hərbçi qürurumuz tapdalayır. Bu cür ağlasığmaz özbaşınalığa şərait yaradan komandan Kərəm Mustafayevdir. Axı, biz qalib ordunun əsgərləriyik. Bizimlə bu cür davranmaq ordumuzun adına ləkədir.

Bundan əlavə orduda aşağıdakı rüşvət və korrupsiya halları mövcuddur:

– Hərbi hissələrdəki bütün texnikalar hərbçilərin öz hesabına təmir edilir. Bunun üçün büdcədən ayrılan milyonlarla manat isə mənimsənilir. Hərbi hissələrə Bakıdan verilən ehtiyat hissələr Nemət Mustafayev vasitəsi ilə bazarlara çıxarılır. Tabeliyində olan texnikası xarab olan hərbçilərdən tələb olunur ki, həmin hissələri öz pullarıyla alıb, texnikanı təmir etdirsinlər. Buna maddi imkanı çatmayan hərbçilər kredit götürməyə məcbur olurlar.

– Hərbi şəhərciklərdəki evlər rüşvətlə satılır, kirayə pulları isə mənimsənilir.

– Məzuniyyət pulları mənimsənilir.

Siyahını uzatmaq da olar. Ordumuzun hərbi sirrini yaymamaq üçün, bir çox ciddi korrupsiya və rüşvət hallarını qeyd etmək istəmirik. Əgər araşdırılma başlayarsa, hər şeyi danışmağa hazırıq.

Az qala hər bir hərbçi yuxarıda sadaladığımız və sadalamadığımız özbaşınalıqlara dözməyərək, intihar edir. Onların ailələri təhdid altında susmağa məcbur edildiyindən, bu intiharlar ört-basdır edilir. Biz ümid edirik ki, hazırda Naxçıvanda yoxlama aparan DTX, Əlahiddə Ümumqoşun Ordusundakı bu özbaşınalıqlar da araşdıracaq, cavabdeh şəxslər layiqli cəzasını alacaq, bu ləkə Azərbaycan ordusunun üzərindən götürüləcək”.

Bənzər yazılar

0.21565389633179