“Azercell” milləti belə QARƏT EDİR – ŞİKAYƏT

 10-12-2022

Son günlər özünü ölkənin lider mobil rabitə operatoru adlandıran “Azercell”ə bağlı şikayətlər xeyli artıb.

Bu mobil operatorun abunəçiləri əsasən onların balansından xəbərləri olmadan vəsaitlərin silinməsindən narazılıq edirlər. Xüsusilə də “Azərcell” abunəçiləri olan vətəndaşlar onlardan müxtəlif yollarla balans silinməsindən şikayət edirlər.

Son zamanlar “Azərcell”in sabit xətt abunəçiləri əsasən çağrı mərkəzinə edilən zənglər zamanı balanlarından vəsait silinməsindən narazılıq edirlər.

Gundeminfo.az-a danışan vətəndaşlar bildirir ki, *6050 zəng mərkəzinə müraciət etdikdə abonentin balansından hər dəqiqə üçün 16 qəpik vəsait çıxılır. Problem vəsaitin çıxılmasında deyil. Uzun dəqiqələr keçəndən sonra operatora qoşulmaq mümkün olur. Bundan sonra da operator abunəçiyə xeyli suallar ünvanlamağa başlayır. “10 GB-lıq internet paketini yenilmək üçün az qala bizdən sağlamlıq haqqında arayış da tələb edirlər. Olmazın suallar verərək, qəsdən vaxtı uzadırlar” deyə sosial şəbəkələrdə narazılıqlar ifadə edilir.

Şikayət edən digər abonentlər isə bildirir ki, “Azərcell” vəd etdiyi 4 G internet traffikini də təqdim edə bilmir. Əvəzində bütün dünyada 5 G tətbiq edilsə də, aşağı sürətdən istifadə edən vətəndaşlar daha çox xərcə düşməli olurlar.

Narazı vətəndaşlar eyni zamanda qeyd edirlər ki, “Azərcell”in təqdim etdiyi internet trafikləri digər operatorlarla müqayisədə eyni həcmdə, eyni istifadə istiqamətləri üzrə sərf edilsə də, daha tez bitir. Faktiki olaraq heç bir ölçü vahidi olmadığından istifadəçilər bu operatorun mobil paketlərinin niyə tez başa çatdığının səbəbini aydınlaşdıra bilmirlər.

Maraqlıdır ki, telefon mərkəzinə edilən zənglərin dəqiqəsinin 16 qəpik olmasına dair “Azərcell” müştərilərinə heç bir xəbərdarlıq etmir. Sadəcə olaraq “xidmət səviyyəsinin ölçülməsi məqsədilə danışıqlar qeydə alınır” xəbərdarlığı edilir. Lakin danışıqların ödənişli olması, hətta dəqiqəsinin 16 qəpikdən hesablanmasına dair heç bir informasiya verilmir.

Narazı vətəndaşlar iddia edirlər ki, faktiki olaraq şirkət onların istehlakçı hüquqlarını kobud şəkildə pozur. Mövcud müştərilərinə xidmət göstərmək, xüsusilə də konsaltinq xidmətlərinin göstərilməsinə görə, “Azərcell” şirkəti Azərbaycanda ən bahalı şirkətdir.

Müqayisə üçün qeyd edək ki, ölkədə fəaliyyət göstərən digər mobil operatorların “Çağrı mərkəz”lərinə edilən müştəri zənglərinin qiyməti “Azərcell”dən dəfələrlə ucuzdur.

Elə bu faktın özü adıçəkilən şirkətin nə qədər bahalı olduğunu sübut etmirmi?

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bənzər yazılar

0.14091491699219