Vergi Məcəlləsinə dəyişikliklər TƏSDİQLƏNİB: Bir sıra GÜZƏŞTLƏR OLACAQ - SİYAHI

 09-12-2022

Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Milletinsesi.info xəbər verir ki, layihə səsə qoyularaq qəbul edilib. 

Layihədə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların vergidən azad olunması və dövlətin təşviq mexanizmləri ilə bağlı məsələlər öz əksini tapıb. Eyni zamanda, şəhid ailələrinin, əhalinin həssas təbəqəsinin gəlirlərinin vergidən azad olunması, aqrar sektorda emal sənayesinin dəstəklənməsi ilə bağlı vergi güzəştləri və təşviq mexanizmləri bu dəyişikliklərdə yer alıb.

Layihəyə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə bağlı vergi yükünün azaldılması, ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması, bank hesablarının açılması, bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması ilə bağlı istiqamətlər üzrə dəyişiklikləri əhatə edən müddəalar daxil edilib.
Sənəddə işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi nəzərdə tutulub.

Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur. Əlavədə işğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi, habelə bu azadolmanın işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilməsi nəzərdə tutulur. 

Bununla yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi və bir sıra digər güzəştlər təklif olunur.

Layihədə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə də vergi təşviqlərinin verilməsi ilə bağlı güzəştlər nəzərdə tutulur. Belə ki, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin əldə etdiyi gəlirin 50 faizinin gəlir vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə azad edilməsi təklif olunur.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə, o cümlədən kənd təsərrüfatı sahəsində aparılan təşviq siyasətinin davam etdirilməsi, sosial məsuliyyət tədbirlərinin stimullaşdırılması məqsədilə dövlət müəssisələri tərəfindən çəkilən xərclərin vergitutma məqsədləri üçün nəzərə alınması, ölkə daxilində tütün məhsullarının istehsalı sahəsinə dəstək göstərilməsi, vergi ödəyicilərinin maliyyə yükünün azaldılması məqsədilə siyahısı təsdiq edilmiş əsas vəsaitlərin idxalının müddətsiz olaraq ƏDV-dən azad edilməsi  və digər müddəalar da layihəyə daxil edilib.
Ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması ilə əlaqədar Vergi Məcəlləsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlak və torpaq vergilərindən azad edilməsi, vergi borclarına faizlərin hesablanmasının dayandırılması və vergi borcu ilə bağlı əmlakının siyahıya alınmaması, habelə ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin təqdim edilməsi, bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azad edilməsi müddətinin 2026-cı il yanvarın 1-dək uzadılması üzrə dəyişikliklər  nəzərdə tutulur.

Sənəddə vergi ödəyicilərinə hesabların açılması ilə bağlı bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsinə dair, habelə vergi inzibatçılığı üzrə dəqiqləşdirici və tənzimləyici bir sıra müddəalar, o cümlədən sahibkarlıq subyektləri üçün iqtisadi cəhətdən əlverişsiz olan bəzi mexanizmlərin dəqiqləşdirilməsi və inzibatçılığın sadələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Məcəllədə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılmasına yönəlmiş dəyişikliklər də yer alıb. Belə ki, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əmək haqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi, həmçinin 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da əmək haqqı gəliri ilə bağlı güzəştlərin verilməsi, beynəlxalq idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsi və digər güzəştlərlə bağlı dəyişikliklər təklif olunur.

Bənzər yazılar

0.14321804046631