Ölkəmizdə internet xidməti göstərən “Aztelekom” və “Baktelekom” MMC-lərin qiymətlərlə manipulyasiya etmələri ilə bağlı iddialar irəli sürülüb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı və iş qaldırıb.
Xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub - istifadəçilərin internetin qiymətindən, keyfiyyətindən və sürətindən narazılıqları yenidən körüklənib.
Maraqlıdır, ölkədə internetin keyfiyyəti necədir? Ümumi qiymətləndirmə (tarif) hansı şəkildə aparılmalıdır?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, qiymət bazarda müəyyənləşsəydi, daha yaxşı olardı:
“Qiymət əmələgəlməsinin iki növü var. Qiymət, əsasən, bazarda formalaşır. Tələb və təklif müəyyən olunur, qiymət formalaşır. Yardım məqsədi ilə dövlət tərəfindən müəyyən müdaxilələr olunur. Rəqabət mühiti formalaşdırılmalıdır. Hesab edirəm ki, bu gün dövlət tərəfindən yaradılan ayrı-ayrı müəssisələr gələcəkdə özəlləşdirilməlidir. Qiymət də bazarda formalaşsaydı, daha yaxşı olardı.
Müəyyən dövrdə bazara kifayət qədər böyük bir investisiya tələb olunurdu. Dövlət də o dövrdə öhdəliyi üzərinə götürdü. “Aztelekom” və digərləri yaradıldı ki, boşluq yaranmasın, xarici ölkələr gəlib burada məkrli məqsədlərinə çata bilməsinlər. İndi isə özəlləşdirilib”.
E.Qəribli qeyd edib ki, bu proses qeyri-qanuni ola bilər:
“İstənilən bazarda böyük istehsalçılar varsa, təbii ki, belə hallar olacaq. Bazara müəyyən müdaxilələr var. Qanunla müəyyən olunub və məhdudiyyət qoyulubsa, qanundan kənara çıxılırsa, təbii ki, dəyərləndirilməlidir. Bir çox ölkələrdə məhdudiyyət qoyulmursa, normal baxılır. Cəhdlər həmişə olacaq. Təbii prosesdir. Şəraitdən asılı olaraq dəyərləndirilib, müvafiq qərar qəbul olunmalıdır”.
İT mütəxəssisi Vahid Qasımov bildirib ki, ölkəyə internetin daxilolma prosesi normaldır:
“İnternetin ölkəyə girişi kök provayder tərəfindən həyata keçirilir. Azərbaycanda iki-üç kök provayder var. Ölkəyə internetin daxil olması normaldır. Bir neçə alternativ mənbədən gəlir. Onun üçün bu, prinsipcə, olduqca normaldır.
Telefon xətləri, ATS-lər (avtomatlaşdırılmış telefon stansiyaları - red.), optik xətlərin hamısı nazirliyin nəzdində olduğuna görə limitsiz şəkildə istifadə edilir. Həmin xətlər kirayəyə verilir və haqq alınır. İki provayder isə bunların heç birinə ödəniş etmir. Üstəlik, ATS-lər həmin xətlərdən istifadə üçün başqa provayderlərə əngəl törədir, boş xəttin olmadığını bildirirlər. Öz xəttini çəkdirməyə isə çox vaxt icazə verilmir. Adətən, kabel televiziyası olan şirkətlər həmin kabelləri artıq televiziya üçün çəkdiklərinə görə onlar internetin verilməsində də iştirak edirlər. Çoxmərtəbəli yaşayış binalarına internet çəkilişi onlara sərf edir”.
V.Qasımov əlavə edib ki, ölkədə dövlət provayderlərinin monopoliyası mövcuddur:
“Özəl provayderlərin inkişafına imkan verilmir. Son dörd-beş il ərzində telefon xətləri dəyişdirilir. Optik xətlərə keçirilir. İstər regionlarda, istərsə də Bakıda evə daxil olub, deyirdilər ki, təzə kabel çəkirik, köhnə kabeli ləğv edirik. Köhnə kabelin ləğv olunması odur ki, istifadəçi başqa bir provayderdən internet alıb, onunla şəbəkəyə qoşulurdusa, xəttin ləğv olunması ilə provayderi itirirdi. Bu isə ümumilikdə özəl provayderlərin abunəçilərinin azalmasına və onun bazardan çıxarılmasına gətirib çıxarır”.
Mütəxəssis internetin qiymətinin dəyişdiyindən əhalinin xəbərsiz olduğunu bildirib:
“Əslində, onlar qiymətləri iki il ərzində dəyişdiriblər. Paketlər dəyişilib. Qiymətlər də düşüb. Amma əhalinin əksəriyyətinin bundan xəbəri yoxdur. Bunlar da köhnə abunəçilər üçün qiyməti avtomatik olaraq salmayıblar. Deyirlər ki, “əgər aşağı qiymətə keçid etmək istəyirsənsə, bizə müraciət edib, yeni müqavilə bağlamalısan. Ondan sonra yeni paketə keçirəcəyik”. Bundan əhalinin xəbəri yoxdur. Bu proseduru onlayn da etmək mümkündür.
Aydın məsələdir ki, ölkədə internetin keyfiyyəti aparıcı dövlətlərlə müqayisədə elə də yaxşı deyil. Orta səviyyəlilərlə müqayisə isə qənaətbəxşdir. Avropada bəzi ölkələrdə, hətta İspaniyada internetlə əlaqədar vəziyyət daha pisdir.
Monopoliya səbəbindən xidmət elə də ürəkaçan deyil: abunəçilərin sayı çox, xidmət göstərənlər yetərsizdir.
Mobil sahəyə gəlincə, internetimiz, əslində, baha, amma keyfiyyətlidir. Bunu söyləmək lazımdır”.
Daimi internet istifadəçilərinin də fikrini öyrəndik. Razı və narazıların öz arqumentləri var.
Məsələn, Tərlan Seyfəddinov problem yaşamadığını söyləyib: “Evdə KAT1 kabel internetdən istifadə edirəm. Aylıq 13 manat ödəniş edirəm. 18 mb/s sürət verir. Narazı deyiləm”.
Aytac Şərəfova isə internetin sürətindən şikayətlənib:
“Aztelekom”a 18 manat aylıq ödəniş edirik. İnternetin gücündən, sürətindən şikayətçiyik. Heç yaxşı işləmir. O pula dəyməz. Evdə şəbəkəyə iki adam qoşula bilir. Artıq üçüncü daxil olanda problem yaşanır. Mobil internetdən də narazıyam. Qiyməti bahadır”.
Nəzrin Vahid