Səhiyyə Nazirliyi əhaliyə enerji içkilərilə bağlı XƏBƏRDARLIQ EDİB

 16-04-2022

Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanlara enerji içkilərini qəbul etməməyə çağırıb.

MillətinSəsi.info-nun xəbərinə görə, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur: "Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır".

Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: "22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".

Onu da bildirək ki, Qida Təhlükəsizliyi Agentliyi də bir müddət öncə enerji içkilərindən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edib:

"Enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır. Birincisi, məhsulu alarkən onun tərkibi ilə tanış olun. İkincisi, enerji içkilərinin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Üçüncüsü, enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər”. 

Açıqlamada nəzərə çatdırılıb ki, enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər: "Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda enerji içkilərinin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir”.

Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir: "Məhsullardan götürülən nümunələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanır.

Respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Həmçinin, enerji içkiləri ilə bağlı Agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların enerji içkilərinin tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”. 

Bənzər yazılar

0.20168614387512