Sürücülər Masazır qəsəbəsini Novxanı-Sumqayıt yoluna birləşdirən yolda işıqforun düzgün tənzimlənmədiyini bildirirlər.
Məsələ ilə bağlı Yeniavaz.com-a müraciət edən sürücülərdən biri bildirib ki, sözügedən yol ilə Novxanıdan Sumqayıta gedərkən Masazır istiqamətində sola dönmək üçün işıqfora 1 saniyə belə vaxt verilmir. O deyir ki, bu isə hərəkətin düzgün tənzimlənməsinə mane olur.
Onun sözlərinə görə, bu hal həm də dönmə əməliyyatını həyata keçirən sürücülərin cərimələnməsinə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev müvafiq sorğumuza cavab olaraq bildirdi ki, qeyd olunan ərazidən xəbardardırlar:
“Hazırda həmin yol sahəsinə baxış keçirilir. Qeyd olunan ərazi tam müayinə edildikdən sonra yol hərəkətinin tənzimlənməsi istiqamətində hansı tədbirlərin görülməsinə ehtiyac varsa o tədbirlərin görülməsi tərəfimizdən təmin ediləcəkdir”.