İmtahan nəticələri tələbələr tərəfindən yoxlanılır?

 16-04-2022

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı ilə bağlı iddialara münasibət bildirib.

“Report”un məlumatına görə, Məleykə Abbaszadə bildirib ki, 2015-ci ildən başlayaraq markerlər kursu yaradılıb.

“Bu, yeni işdir. Bu kurslardan və imtahandan keçən namizədlər yoxlamaya buraxılır. Hər bir sualı iki marker yoxlayır. Bəli, markerlər arasında magistrlar da var. Biz dəfələrlə çağırışlar edirik və cavab isə əsasən gənclərdən gəlir. Apellyasiya şikayətləri ilə yoxlanılan 200 nəfərə yaxın abituriyentin nəticəsi dəyişib. Biz 100 minlə 200-ü müqayisə edəndə görürük ki, bu, kiçik bir rəqəmdir. Heç yarım faiz də etmir”, - deyə M.Abbaszadə bildirib.

Məleykə Abbaszadə deyib ki, buraxılış imtahanında az bal toplayanlar da qəbul imtahanında iştirak edə bilərlər və burada hansısa hüquqi tələb yoxdur. Onun sözlərinə görə, buraxılış imtahanında iştirak edənlərin 67 min 131-i ali məktəblərə də sənəd verib: “Onların nəticələrini təhlil edəndə görürük ki, 200 baldan yuxarı nəticə göstərən 10 mindən çox şagird var. Amma qruplarda bu rəqəmlər fərqlidir”.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11 illlik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini şərh edərkən deyib: “Bütün sınaq imtahanlarında sual kitabçaları verilir. Çünki sınaq imtahanlarının məqsədi odur ki, valideynlər uşaqlarının hansı sahədə zəif olduğunu müşahidə edə bilsinlər. Bunun üçün də sual kitabçalarına baxa bilirlər”.

O bildirib ki, real imtahanlarda sual kitabçaları verilməməlidir: “Heç bir ölkədə belə bir şey yoxdur ki, şagirdlərə imtahandan çıxarkən sual kitabçaları verilsin. 2000-ci ildən sonra biz bu addımı atdıq və şagirlərə real imtahanlarda sual kitabçalarını verdik. Bu zaman biz elmiliyi şəffaflığa qurban verdik.

Amma onu da deyim ki, bizim bu addımı atmağımız üçün yetəri qədər qapalı suallar bazamız var idi. Biz o sual kitabçalarını verməklə bazada olan sualları itirmiş olurduq. Bilirdik ki, daha sonra həmin suallardan istifadə edə bilməyəcəyik. Bunun nəticəsində apellyasiyaların sayı azalmışdı. Bu yolla valideynlər, şagirdlər sualları evdə araşdırır və apellyasiyaya müraciət etmirdilər. İndi biz sual kitabçalarını vermirik. Əgər imtahanın nəticəsi sizi qane etmirsə, elektron imtahanlara daxil olaraq test suallarını yerində yoxlaya, qarşılaşdıra bilərsiniz. Qiymətləri də 3 manatdan 5 manata qədərdir”. 

Bənzər yazılar

0.38442897796631