Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”yə (SAF-2022) start verilib.
Festivalın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, deputatlar iştirak ediblər.
Bildirilib ki, festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
Festival 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.
“SAF 2022”yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, bu gün bütün dünyada təhsil dəyişir və ya dəyişməlidir: “Gələcək nəsli həmin çağırışlara və reallıqlara hazırlamaq lazımdır. Azərbaycan təhsili, işçisi və şagirdi 5 il ərzində xeyli yol qət edib. Artıq STEAM Azərbaycan təhsilinin ayrılmaz hissəsidir. Gələcək təhsilin bu gün atılan ilk addımlarıdır. Ötən il festival sırf ölkəni əhatə edirdisə, artıq bu il beynəlxalq səviyyədə keçirilir”.
PhotoStock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: PhotoStock.az