Azərbaycanda toyuq əti UCUZLAŞDI

 05-12-2022

“Azərbaycanın quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bununla da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün atılan addımlar öz müsbət təsirini göstərməkdədir. Belə ki, cari ilin ortalarından başlayaraq quşçuluq sahəsində istifadə olunan yem və yem əlavələrinin idxalına tətbiq olunan vergi-rüsum azadolmaları həm quş əti, həm də yumurta istehsalında maya dəyərinin sabitləşməsinə və azalmasına gətirib çıxarıb”.

Bu barədə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.

Onun sözlərinə görə, yumurta istehsalında maya dəyərinin sabitləşməsi nəticəsində iki aya yaxındır topdansatış qiymətləri dəyişməz olaraq qalır: “Ötən il bu vaxt yumurtanın topdansatış qiyməti 19 qəpik idi. Bu il isə 15 qəpikdir. Bu il qış fəslinin başlanması ilə bağlı olan ənənəvi bahalaşma da olmadı. Gözləntilərimiz hazırkı qiymətlərin yaxınmüddətli dövrdə dəyişməyəcəyi istiqamətindədir”.

Sədr qeyd edib ki, toyuq əti istehsalında isə azadolmalar, həmçinin qlobal bazarlarda soyanın qiymətində müşahidə olunan ucuzlaşma Azərbaycan istehsalçılarına qiymətləri endirməyə imkan yaradıb: 

“Artıq bir neçə gündür soyudulmuş toyuq ətinin 1 kiloqramı 4,70-5 manatdan 4-4,20 manata endirilib. Müvafiq endirim ayrı-ayrı hissələrə (qanad, bud, bud dibi, file və sair) də aiddir. İstehsalçı müəssisələrin nümayəndələri ilə apardığımız müzakirələrdən belə aydın olur ki, endirimli qiymətlər xalqımızın mühüm bayramı olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində də qüvvədə olacaq.

Qlobal bazardakı mövcud konyunktur, həmçinin dövlətimizin yem və yem qatqılarına münasibətdə tətbiq etdiyi azadolmalar davam etdiyi müddətdə qiymətlərin bahalaşmasını real hesab etmirik”.

Məlumat üçün bildirək ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin  30 iyun tarixli  “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasən, 72 növdə yem və yem əlavələrinin satışı əlavə dəyər vergisindən azad olunub. 

Bənzər yazılar

0.14225697517395