Naxçıvanda post-patrul əməkdaşları 24 saat fasiləsiz işləməyə məcbur edilirlər.
Bu barədə Yeniavaz.com-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən post-patrul xidməti əməkdaşı məlumat verib.
Onun sözlərinə görə, post-patrul əməkdaşları üçün növbəli iş rejimi nəzərdə tutulsa da, tətbiq edilmir:
“Biz normalda bir gün işləyib, bir gün istirahət edirik. İş rejimi belədir. İşlədiyimiz gün isə müxtəlif saatlarla növbələrə bölünməlidir, bir nəfər fasilə olmadan 8 saatdan artıq işləməməlidir. Amma biz həmin o bir günün 24 saatını fasiləsiz işləməyə məcbur edilirik. Bu isə həm fiziki, həm də psixoloji cəhətdən sağlamlığımıza ciddi zərər vurur.
Digər tərəfdən, biz nəzarətimizdə olan ərazidə daim patrul xidməti aparmalı, asayişi qorumalıyıq. Bunun üçün nəzərdə tutulmuş xidməti avtomobili bizə vermirlər, qarajda saxlayırlar. Məcbur öz imkanlarımızla, avtomobil tapmalı, yanacaq almalı oluruq.
Aldığımız maaşın əksəriyyəti isə belə xərclərə, yol puluna, yeməyə və s. gedir. Bizə verilən əmək haqqıdan ayın sonunda 150-200 manat qalır bizə. Onunla isə ailəni dolandırmaq mümkün deyil. İşsizlik baş alıb getdiyi üçün işdən də çıxa bilmirik. Bunu bildikləri üçün hər fürsətdə daha da çox haqqımızı yeyirlər”.
Qeyd edək ki, qurumun rəsmi saytında heç bir əlaqə telefonu yerləşdirilmədiyindən səsləndirilən iddialarla bağlı Naxçıvan MR DİN-in mövqeyini öyrənmək mümkün olmadı.
Mənbə Yeniavaz.com