Sülhdən uzaq, terrorçulara yaxın Rusiya hərbi KONTİNGETİ: Azərbaycan hansı addımlar ATMALIDIR? 

 03-12-2022

İstər-istəməz sual yaranır ki, əgər sülhməramlılar qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasına dəstək vermirlərsə, digər ölkələrin xüsusi xidmət orqanlarına bağlı şəxslərin keçidinə maneə ola bilmirlərsə, ərazilərin minalanmasını sadəcə müşahidə edirlərsə, onda onlar nəyə lazımdırlar? 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Son vaxtlar Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində təxribatlar artıb. Hər gün Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı açıqladığı rəsmi məlumatlarda bunu görmək mümkündür. Bu günlərdə İran xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğu avtomobilin sülhməramlıların nəzarətində olan əraziyə gəlişi ilə bağlı mətbuatda gedən məlumatlar da narahatlıq doğurur. Sülhməramlılar onların nəzarətlərində olan əraziyə keçidinə sadəcə olaraq göz yumublar.

Azərbaycan Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının gündəlik bülletenlərində toponimlərin erməni dilində verilməsi ilə bağlı dəfələrlə etdiyi iradlara da etinasız yanaşma davam edir. Sülhməramlıların nəzarətində olan ərazilərdə qanunsuz erməni silahlı birləşmələri tərəfindən ərazilərin minalanması ilə bağlı faktları da yaddan çıxarmaq olmaz. İki ildən artıqdır ki, Qarabağdakı cinayətkar rejim də məhz sülhməramlıların himayəsi altında varlığını qoruyub saxlayır.

“Təlimatı Moskvadan verilir”

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Rusiyaya məxsus hərbi kontingent ərazilərimizə gəldiyi gündən erməniməramlılıqla məşğuldur:

“Bunlar Azərbaycan qanunlarını pozmaqla ancaq ziyanımıza işləyiblər. Bu hərbi kontingent gələn gündən 30 ildən artıq kök salmış separatçılarla, ərazidə hələ də qalmaqda davam edən Ermənistan dövlətinə məxsus hərbi birləşmələrlə, cinayətkarlarla, terrorçularla əməkdaşlıq edib. Özləri də həmin separatçılar, cinayətkarlar kimi Azərbaycan ərazisində qanunlarımıza qarşı fəaliyyət göstərir və bunu da əməlləri ilə hər gün təsdiq edirlər. İki ildən artıq bir müddətdə ərazimizdə kök salmış cinayətkarları, separatçıları, terrorçuları silahlandırıblar, onlara təlimlər keçiblər, növbəti qanlı döyüşlərə hazırlayıblar. Onlar komandirlərinin Petrov və ya başqası olmasından asılı olmayaraq, özbaşına heç bir şey edə bilməzlər. Bunların təlimatı Moskvadan verilir. Ona görə də həmin hərbi kontingentin ərazilərimizdə qalması Azərbaycan üçün ciddi təhlükə mənbəyidir”. 

“Getməmək üçün nə fitnə-fəsad desən, törədəcəklər”

Deputat qeyd etdi ki, iki ildir minlərlə terrorçuya Qarabağda Rusiya hərbi kontingenti təlimlər keçir, onları silahlandırır:

“Üçtərəfli razılaşmada deyilirdi ki, bu hərbi kontingent Azərbaycan ərazisinə daxil olduğu andan etibarən Ermənistan dövlətinə məxsus qanunsuz hərbi birləşmələr oradan çıxarılacaq. Çıxarmadılar, əksinə, onları gücləndirdilər. Ötən iki ildə Ermənistana məxsus hərbi birləşmələr nə ilə təchiz olunur, bunların təminatı haradandır? Əlbəttə ki, onların yükünü də həmin bu Rusiya hərbi kontingenti daşıyır”.

E.Məmmədov qeyd edib ki, rus sülhməramlılarının sayı da razılaşmada qeyd ediləndən çoxdur:

“Üçtərəfli bəyanata əsasən, hərbi kontingent 1960 nəfər olmalı idi. Hərbi texnikalarının sayı da bəyan edilmişdi. Ancaq bu gün bəlkə də sayları 10 000 nəfərə qədərdir. Bunu isə müxtəlif adlar altında təqdim edirlər. Bunlar gəldikdən sonra ərazimizdə olmayan ruslara kilsə tikdilər, rus icması yaratdılar, heykəllər qoydular. Bunların təəssüf ki, getmək fikri yoxdur. Onlar getməmək üçün nə fitnə-fəsad desən, törədəcəklər. Öz əsgərlərini öldürəcəklər, texnikalarını yandıracaqlar ki, guya bunlar burada olmasa, qan su yerinə axacaq”. 

“Həddindən artıq diqqətli olmalıyıq”

E.Məmmədov bildirdi ki, bu gün Azərbaycan çox ciddi düşmənlərlə və təhlükələrlə üz-üzədir:

“Ona görə də biz həddindən artıq diqqətli olmalıyıq. Fikrimcə, əgər bizə Zəngəzur dəhlizi verilmirsə, nəyə görə bu cinayətkarların, terrorçuların gediş-gəlişi üçün gözəl yol çəkib ixtiyarlarına verməliyik? Niyə bu yolda bizim heç bir nəzarətimiz olmamalıdır? Biz mütləq həmin yolda nəzarət-buraxılış məntəqələrimizi yaratmalıyıq. Orada hər bir hərəkət Azərbaycan sərhədçisinin nəzarətində olmalıdır. Hesab edirəm ki, bu məsələlərə ciddi diqqət yetirməliyik”. 

“Sülhməramlılar təyinatlarına uyğun fəaliyyət göstərmirlər”

Hərbi ekspert Alp Arslan İmamqulu bildirdi ki, Rusiya Federasiyası sülhməramlı qüvvələrinin 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirmədiyi aşkardır:

“Hətta bu da yetməmiş kimi, terrorçuları dəstəklədikləri hər kəsə məlumdur. Son dönəmlərdə Azərbaycanın humanitar məqsədlərlə açdığı Laçın yolunun daha çox bu cür terrorçu qüvvələr üçün canlı qüvvə, silah və təchizat dəstəyi üçün istifadə edilməsi birmənalı olaraq öz təsdiqini tapıb. Bu o deməkdir ki, sülhməramlı qüvvələr Azərbaycan ərazilərində öz təyinatlarına uyğun fəaliyyət göstərmirlər. Belə olduğu halda Azərbaycanın tam hüququ var ki, ümumiyyətlə sülhməramlı qüvvələrin ərazilərində mövcudluğundan imtina etsin”.

A.İmamqulu hesab edir ki, bundan sonra bizi maraqlandıran əsas məsələ təhlükəsizliyimizdir:

“Çünki Rusiya sülhməramlı qüvvələri ərazilərimizdə yaşayan erməni icmasının revanşizmə yönəlməsinə və terrorçu qüvvəyə çevrilməsinə şərait yaratmaqla bizə risk yaratmaqdadırlar. Bu səbəblə Laçın yolunun bağlanması və anti-terror əməliyyatlarının keçirilməsi qaçılmazdır”.

Bənzər yazılar

0.14220595359802