Gəncə Azərbaycanın qədim şəhərlərindəndir. Nizami yurdunda yüzlərcə tarixi abidələr var.
Onlardan biri öz qeyri-adiliyi, unikallığı ilə seçilir. Söhbət şəhərə gələn qonaqların heyrətinə çevrilmiş “Butulka ev”dən gedir. Şəhərin Hüseyn Cavid və Qəmbər Hüseynli küçələrinin kəsişməsində yerləşən bu maraqlı tikili Gəncəyə gələn qonaqların üçün görməli yerlər siyahısındadır.
Daim turistlər və şəhərimizin qonaqları tərəfindən şəkilləri çəkilən, haqqında yazılar yazılan ”Butulka ev”in çox maraqlı tarixçəsi var.
Bu möhtəşəm memarlıq nümunəsini o zamanlar şəhər körpü-tikinti idarəsində işləyən İbrahim Cəfərov 1941-1945-ci il İkinci dünya müharibəsinə yollanan və orada itkin düşən 26 yaşlı qardaşı Yusif Cəfərovun xatirəsini əbədiləşdirmək fikri ilə inşa edib.
İxtisasca mühəndis olan İ.Cəfərov böyük zəhmət hesabına olsa da, həm doğma qardaşının xatirəsini əbədiləşdirib, həm də hər kəsin marağına səbəb ola biləcək, Gəncəyə xüsusi bir gözəllik və maraq qatacaq yaşayış binası tikib.
Qəribə dizaynı ilə seçilən bu evdə hazırda İbrahim Cəfərovun qızı Məhəbbət Cəfərova öz ailəsi ilə yaşayır. Onun sözlərinə görə, evin birinci mərtəbəsi 1952-ci ildə çay daşı və bişmiş qırmızı kərpicdən inşa olunub. Lakin, mühəndis ikinci mərtəbənin inşasında qeyri-ənənəvi tikinti materiallarından istifadə etməklə insanların memarlıq zövqünü oxşayan və şəhərin bütün yaşayış tikililərindən fərqlənən bənzərsiz sənət əsəri yaradıb.
Məhəbbət Cəfərova evin tikilməsi tarixçəsini də Bizim.Media-ya danışıb:
“İkinci dünya müharibəsi başlayanda Yusif və İbrahim müharibəyə yollanırlar. İbrahim sağ-salamat geri dönür və qardaş həsrəti ilə yaşayır. O qardaşının şərəfinə heç bir yerdə analoqu olmayan, qeyri adi bir ev tikəcəyinə söz verir. İbrahim Cəfərov evin tikintisində şampan, araq butulkaları, yod şüşələrindən, müxtəlif ölçüdə daşlardan istifadə edib.
Atam qardaşının qayıdacağına ümidlə inanır və bu ”butulka ev”i tikmək qərarına gəlir. Tikintisində isə cüzi daş və sement, bir də topladığı araq, çaxır şüşələrini, dərman flakonlarını istifadə edir”, - deyə ev sahibəsi əlavə edib.
Məhəbbət xanım qeyd edir ki, atası evin tikintisinə başladıqdan sonra ustanın butulkalardan ev tikdiyini eşidən qonşular, qohumlar, Gəncə sakinləri də evlərində olan şüşələri usta İbrahimin həyətinə aparır, evin tikintisinə kömək edirlər. Beləcə bu möhtəşəm, maraqlı dizaynlı ev ərsəyə gəlib.
Əldə etdiyimiz məlumata görə, İ.Cəfərov evin inşasında 48 min ədəd müxtəlif ölçülü və rəngli şüşədən, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edib.
Evin müxtəlif yerlərinə “Gəncə” sözü yazılıb. Ön hissədə eyvanın divarına evin inşa olunma tarixi yazılıb. Dam örtüyünün qarşı tərəfdən çıxıntısına ev sahibinin itkin qardaşı Yusif Cəfərovun böyük şəkli çəkilib. Yan tərəfdə eyvanın divarına 80-ci ildə SSRİ-də keçirilən olimpiya oyunlarının şərəfinə qeydlər edilib.
Ən maraqlısı isə binanın arxasında olan təsvir və yazıdır. Burada silahlı sovet əsgəri daşlarla divarda təsvir olunub və rus dilində bu sözlər yazılıb:
“Slava veçnaya rodinı za neizvestnoqo soldata” (Vətənin naməlum əsgərinin xatirəsinə əbədi eşq olsun!). Müəllif öz adını da əsərində qeyd etməyi unutmamış və eyvanın bir hissəsində rus dilində öz adını divara həkk edib. Binanın fasadı, eyvan və tavanında müxtəlif rəsmlər, eləcə də İbrahimin və qardaşı Yusifin hərbi geyimdə olan portreti vaxtilə həmin məhəllədə yaşayan rəssam Nazim Məmmədov tərəfindən çəkilib.
İbrahim Cəfərovun nəvəsi İlham Cəfərov hazırda yaşadıqları evin əvvəlki illərdə olan orijinal görüntüsündən danışdı. Onun sözlərinə görə, illər keçdikcə evin dizaynında bəzi dəyişikliklər edilib:
“Binanın aşağı hissəsi sonrada kərpiclə hörülüb. Nə qədər müasir görünsə də, mənim də, ziyarətə gələn turistlərin də fikrincə, binanın əvvəlki arxitekturası daha da gözəl idi”, - deyə İ.Cəfərov bildirib.
“Butulka ev”i inşa edən İbrahim ustanın nəvəsi uzun illərdir dünyanın yüzlərcə ölkəsindən turistlərin bu qəribə memarlıq abidəsinə böyük maraq göstərdiyini deyir:
“Bu illər ərzində onminlərlə turist bizim evə baxmaq üçün gəlib. Dünyanın demək olar ki, bütün ölkələrindən ziyarətçi olub. ABŞ-dən, Avropa ölkələrindən, Çindən, Koreyadan, keçmiş postsovet ölkələrindən, İran, Türkiyə, Asiya ölkələrindən turistlər “butulka ev”in gözəlləyindən həzz alıblar. Evdə onların şəkilləri və ürək sözlərini yazdıqları xeyli albomlar var. Bizim evi görməyə gələnlər arasında “Barselona”nın futbolçulalarından tutmuş, müxtəlif ölkələrin rəhbərləri də var. Bu gördüyünüz şəkildəki ailə isə hazırda Ukraynanın prezidenti olan Volodimir Zelenskinin valideynləridir”, - deyə albomda şəkli göstərir.
İlham Cəfərovun sözlərinə görə hələ sovetlər birliyi dövründə babasını o zamanlar Kremlə dəvət ediblərmiş. Şəkildə olan dövlət məmurunun kim olduğunu xatırlaya bilməsə də, o zamanlar məşhurlaşan evi inşa etdiyinə görə babasının Moskvaya çağırıldığını və təşəkkürnamə verildiyini deyir:
“Binanın artıq 70 yaşı var. Biz bu binanı gələcək nəsillər üçün qorumaq məqsədilə bəzi tədbirlər görmüşük. Lakin illər ötdükcə binanın möhkəmliyi təbii ki, azalır. 44 günlük müharibə zamanı ermənilər tərəfindən atılan raketlərin zərbəsindən barıda çat əmələ gəlib. Bu tək Cəfərovların mülki deyil. Bu Gəncənin, Azərbaycanın bir incisidir. Bina Mədəniyyət və Turizm Nazirliyinin saytında Gəncənin yerli sənətkarlıq möcüzəsi kimi göstərilib. Amma aidiyyəti qurumlar da hərdən bir binanın taleyi ilə maraqlansalar, çox yaxşı olar”, - tarixi “butulka ev”in sahibi deyir.