Kənd Təsərrüfatı Nazirliyi dekabrın 3-4-də Bakı və Abşeronda “Kənddən şəhərə” yarmarkaları təşkil edəcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.
Məlumata görə, fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə logistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
Qeyd olunub ki, budəfəki “Kənddən şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 40-dan artıq regiondan 80-ə yaxın fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcəklər:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yaxınlığı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.