Təbii inhisar subyektlərinin müdaxiləsi ilə rastlaşdıqda SAHİBKAR NƏ ETMƏLİDİR? 

 30-11-2022

“Sahibkarlara və sahibkarlıq fəaliyyətinə başlayan subyektlərə tövsiyə edirik ki, fəaliyyət sahələrinə uyğun olan qanunvericilik aktlarının tələblərini özləri üçün tam aydınlaşdırsınlar. Belə olan halda qanunvericiliyin tələblərinə uyğun olmayan halların baş verməsinin qarşısı alınır”.

Bu sözləri Milletinsesi.info-a müsahibəsində Antiinhisar və İstehlak Bazarına Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov deyib.

Müsahibəni təqdim edirik:

- Təbii inhisar nədir? Bu sahəyə dövlət nəzarəti istiqamətində hansı işlər görülür?

- Təbii inhisar dediyimiz sahə elə bir sahədir ki, istehsalın texnoloji xüsusiyyətlərinə görə burada özəl biznes strukturları fəaliyyət göstərə bilmir, yaxud rəqabət olmur, dövlət də bu sahəni ictimai və ya dövlət maraqları naminə təsis etdiyi qurumlar vasitəsilə təmin edir. Təbii inhisar hesab edilən subyektlərin siyahısı “Təbii inhisarlar haqqında” Qanuna uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu mənada, əgər bir subyektin adı həmin siyahıda göstərilməyibsə, təbii inhisar xüsusiyyətləri olsa belə, həmin subyektə təbii inhisar subyekti demək olmaz. 

Onu da diqqətə çatdırım ki, dövlət həmin qurumların fəaliyyətini təmin etməklə yanaşı, ictimai maraqları əsas götürərək təbii inhisar subyektlərinin xidmətlərinin tariflərini müəyyən edir və onlara sərbəst bazar mühitində qiymət təyin etməyə imkan vermir. Dövlət təbii inhisarların iqtisadi fəaliyyətini öz nəzarətində saxlayır. Məhz İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisarlar üzərində dövlət nəzarətini həyata keçirmək səlahiyyətinə malikdir.

Belə ki, dövlət nəzarəti çərçivəsində onların istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Bu tədbirlərə təbii inhisar subyektlərinin biznes subyektlərinə və istehlakçılara xidmətlər göstərərkən qanunvericiliyin tələblərindən kənaraçıxma hallarının, o cümlədən istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran halların qarşısının alınması və s. aiddir. 

- Sahibkarlar və istehlakçılar təbii inhisarlar sahəsində hansı problemlərlə qarşılaşırlar? Müraciətlər daha çox nə ilə bağlı olur? 

- Təcrübəyə uyğun olaraq deyə bilərəm ki, sahibkarlar və istehlakçılar daha çox kommunal sektorda xidmətlərin əldə edilməsi sahəsində müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, istehlakçılar, o cümlədən sahibkarlıq subyektləri kommunal təchizat sahəsində xidmətlərə qoşulmalıdırlar. Bu prosesdə çətinliklərin böyük bir hissəsi istehlakçı və ya sahibkarların mövcud qanunvericiliyin tələblərini bilməmələri ilə bağlı olur. Bununla yanaşı, kommunal təchizat sahəsində sahibkarların fəaliyyətinin müvafiq standartlara uyğunlaşdırılması ilə bağlı da çətinliklər yaranır. 

- Təbii inhisar subyektləri tərəfindən sahibkarların fəaliyyətlərinə müdaxilə olunduqda, rəqabət halı pozulduqda hansı addımlar atılır?

- İstehlakçıların, o cümlədən sahibkarların təbii inhisar subyektlərinin fəaliyyətindən şikayətləri Dövlət Xidməti tərəfindən ətraflı və tam araşdırılır. Araşdırmalar nəticəsində təbii inhisar subyektləri tərəfindən sahibkarların fəaliyyətlərinə qanunvericiliyin tələblərinə uyğun olmayan, yaxud zidd olan müdaxilə faktları aşkar olunduqda bir sıra tədbirlər görülür. Belə ki, ilk növbədə həmin müdaxilənin aradan qaldırılması təmin edilir.

Digər tərəfdən, hər hansı təbii inhisar subyekti tərəfindən müəyyən məsələ üzrə qanunvericiliyin tətbiqi sahəsində sistematik kənarlaşmalara yol verilməsinin müşahidə edildiyi hallarda Dövlət Xidməti bu məsələlərə iş qaldırma formasında baxmaq və qərarlar qəbul etmək, təbii inhisar subyektlərinə və onların vəzifəli şəxslərinə cərimələr (maliyyə sanksiyaları) tətbiq etmək, təbii inhisar subyektlərindən qanun pozuntusu nəticəsində əldə edilmiş mənfəətin büdcəyə ödənilməsini tələb etmək, xidmət edilməsi məcburi hesab edilən istehlakçılarla müqavilə bağlamaq, müqavilələrə dəyişikliklər olunması haqqında icrası məcburi olan göstərişlər vermək səlahiyyətlərindən istifadə edir. 

Vurğulamaq istərdim ki, istehlakçılar, o cümlədən sahibkarlar təbii inhisar subyektləri tərəfindən qanuna uyğun olmayan maneələr yaradılması halları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edə bilərlər. İstehlakçıların, sahibkarların hüquqlarını müdafiə edən dövlət nəzarəti orqanı olaraq biz hər zaman sahibkarları dinləməyə, onların mənafeyini qorumağa yönələn zəruri addımları atmağa hazırıq.  

Bənzər yazılar

0.17568206787109