Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.
MillətinSəsi.info xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb
Bildirilib ki, həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantının vəfat etməsi ilə bağlı açıqlama verib.
Hərbi Prokurorluqdan bildirilib ki, bununla bağlı araşdırma aparılır: “Daxil olmuş məlum məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib”.
“Fakt üzrə Bakı hərbi prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, - açıqlamada qeyd edilib.