“Baxmayaraq ki, dünyada ilk 1000 universitet arasında bir dənə olsa belə Azərbaycan Universiteti yoxdur, mövcud hakimiyyət xarici ölkələrdən, xüsusi ilə, Avropa, Böyük Britaniya və Amerika ali məktəblərindən məzun olub vətənə qayıdanlar üçün Elm və Təhsil Naziriliyin tərkibində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin vasitəsi ciddi çətinliklər törədir”.
AzToday.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin sözugedən qurumu xarici universitetdə təhsil alan ölkə vətəndaşlarının diplomlarını tanımaq üçün prosedurları sadələşdirməlidir:
“Adıkeçən qurum 250 manat dövlət rüsumu müqabilində təqdim olunan diplomun və qiymət kitabçasının apostol ilə təsdiqini, onun notarial qaydada tərcümə və təsdiqini, xarici passportunu, şəxsiyyət vəsiqəsini və hərbi biletini də yoxladıqdan sonra xaricdən əldə edilmiş diplomu tanıyır. Bütün bunlar da xaricdə təhsil almış hər məzuna orta hesabla 1000 manata və xeyli müddətə başa gəlir. Amma belə müraciətlər heç də həmişə nəticəli olmur.
Çünki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçiləri İngiltərədən bakalavr məzunu kimi vətənə geri dönənlərin diplomunu tanımaqdan imtina edə və deyə bilər ki, Azərbaycanda bakalavr təhsil müddəti 4 il, İngiltərədə isə 3 il olduğu üçün diplomunuz yetərsizdir. Bununla yanaşı onu da qeyd edim ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İngiltərədə fizioterapiya ixtisasından məzun olanların diplomları ümumiyyətlə tanınmır.
Aldığım məlumatlara görə, İngiltərədən hər il təxminən 8-10 məzunun diplomu “yetərsiz” hesab olunur.
Təəssüflər olsun ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçiləri şəffaf və hesabatlı işləmir, eyni zamanda ölkəyə qayıdanın hərbi mükəllifiyyətli olmasına dair məsələlərə müdaxilə edir. Halbuki, bu digər dövlət orqanlarının səlahiyyətində olan məsələdir.
Mən bu agentliyin fəaliyyətinə qarşı deyiləm, amma hesab edirəm ki, Təhsildə Keyfiyyət Təminatı
Agentliyini diplomların tanıması üçün prosedurları sadələşdirməli, rüsumu aşağı salmalı, şəffaf və hesabatlı işləməlidir ki, xarici universitetlərdə məzun olanlar ölkəyə gələndə çətinliklə üzləşib, yenidən geri dönməsinlər”.
Orxan Məmmədli