Balaxanı qəsəbəsində yerləşən qədimi hamam tək tarixi ilə deyil, adı ilə də diqqət çəkir. “Qum hamamı” adını eşidənlərə bu bir qədər qəribə gəlir. Ancaq necə tikildiyi anlaşılanda hər şey aydın olur - XIV əsrdə, Şirvanşahlar dövründə kəhrizin üzərində tikilən zaman su qızmar qumun altından çıxdığı üçün hamama elə “qum hamamı” deyiblər, sonradan Abşeronda elə bu tip təmizlik müəssisələri geniş yayılıb.
Balaxanıdakı “Qum hamamı” bir-biri ilə əlaqəli üç hissədən ibarətdir. Birinci hissə əsas girişdir. Buradan soyunma, paltar saxlama otaqlarına dəhliz açılır. İkinci hissə isti və soyuq su hovuzları ilə təchiz olunmuş böyük çimmə zalıdır. Bu zala yanlardan müxtəlif fərdi proseslər üçün nəzərdə tutulmuş kiçik otaqlar da birləşir.
Birinci və ikinci hissə qeyri-bərabər tərəflərə malik səkkizguşəli iri zallardan ibarətdir. Səkkizguşəli zalın böyük tərəflərinə birləşən otaqlar mərkəzi zalla bir növ vəhdət təşkil edir. Zalın kiçik tərəflərindən açılan qapılar hamam binasının müxtəlif otaqlarına aparır. Çimmə zalının mərkəzində hovuzlar yerləşir. Tikilinin bu hissəsi fənərli günbəzlə örtülüb.
Künclərdəki otaqlar kvadrat və düzbucaqlı formalara malik olmaqla, hamamın ümumi döşəmə səviyyəsindən 60-70 sm yuxarıda yerləşən daş döşəməyə malikdir. Onların üstü çatma tağla örtülüb. Bu otaqların divarlarında çimən şəxsin əşyalarını saxlaması üçün nəzərdə tutulmuş kiçik rəflər də var. Hamam iki əsas və on altı kiçik otaqdan ibarətdir.
Bu unikal hamamın inşasında sementdən istifadə edilməyib, amma dörd bir yanında saxsıdan qızdırıcı sistem quraşdırılıb, yerin altı ilə və divarlarla içəriyə istilik ötürülüb.
Hamamın fərqli kanalizasiya sistemi olduğu bildirilir. Kanalizasiya suları divarların kənarından xüsusi düzəldilmiş novlara daxil olaraq çölə axıb. Hamamın hündür olmaması isə görünür, içəridə istiliyin təmin olunmasına hesablanıb. Kompleksin əsas hissəsinin torpağın altında olması da məhz içəridə istiliyin saxlanılması üçündür.
Bir çoxları hamama suyun ovdandan gəldiyini güman edirdilər. Qazıntılar zamanı isə məlum olub ki, hamamın arxa tərəfində kəhriz var, bu da hamama həmin kəhrizdən su vurulduğunu söyləməyə əsas verir, çünki bütün saxsı borular kəhrizə birləşdirilib.
Photostock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: Photostock.az