Bu ilin 10 ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 94,6 milyon manat ödənilib.
Bu barədə Milletinsesi.info-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hərraclar dövlət əmlakının özəlləşdirilməsinin əlverişli üsullarındandır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 53 hərrac keçirilib.
Hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, iki yarımçıq tikili, 473 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin 10 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 352 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 94 onlayn qoşulma reallaşıb. Bu dövrdə hərrac vasitəsilə 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
2022-ci ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 73,3 milyon manat təşkil edib.
Cari ilin 10 ayı ərzində ümumilikdə 3 340 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 705-i qeyri-yaşayış sahələri üzrə, 2 635-i isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin 10 ayı ilə müqayisədə 2,8 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin 10 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 21,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 94,6 milyon manat ödənilib.