“Ermənistan ordusuna məxsus hava hücumundan müdafiə və radioelektron mübarizə qüvvə və vasitələrinin Azərbaycana məxsus PUA-ları aşkar edib sıradan çıxara bilməsi ehtimalına görə müharibənin başlanğıcında onlar məhv edilməli idi”.
Bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev “Azərbaycan Ordusu” qəzetində dərc olunan məqaləsində qeyd edib.
O bildirib ki, Azərbaycan Ordusu həmin vəziyyətdə çox yüksək bacarıq nümayiş etdirdi:
“Əməliyyatdan öncə düşmənin kifayət qədər güclü və dayanıqlı HHM sistemi mövcud idi. Düşmənin ön xətdə HHM sistemini, modernizə edilmiş "OSA" və ən yeni "Tor-M2k" zenit-raket kompleksləri təşkil edirdi. Düşmən tam əmin idi ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiyası sovet dönəmində olan taktika ilə tətbiq ediləcək, aşağı, ən aşağı hündürlüklərdə fəaliyyət göstərəcək və HHM atəş zonasına daxil olarkən aviasiya vasitələri məhv ediləcək. Həmin taktika tətbiq olunsaydı, müharibənin ikinci günündə aviasiya böyük itkilərə məruz qalardı. Məhz buna görə düşmənə qarşı fəaliyyətlərdə yeni üsul və fəndlərin tətbiq edilməsi ən vacib tapşırıqlardan oldu.
Düşmənin HHM sistemlərinin yerini aşkarlamaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri dünya hərbi ekspertlərini heyrətləndirən bir metoddan istifadə etdi. Belə ki, kənd təsərrüfatında istifadə olunan 1947-ci il istehsallı sovet AN-2 təyyarələri, kabinəsinə xüsusi avadanlıq quraşdırılaraq pilotsuz uçurdulur, onu aşkar edən düşmən isə müasir PUA hesab edərək dərhal HHM sistemləri ilə onları vurmağa çalışdı və beləliklə, öz mövqeyini bildirdi. Azərbaycana məxsus dronlar düşmənin aşkar olunan HHM sistemlərini yerindəcə sıradan çıxardırdı. Bundan sonra, Azərbaycan Silahlı Qüvvələrinin PUA-ları Qarabağ hava məkanına daha təhlükəsiz daxil olaraq düşmənə məxsus zirehli texnika və artilleriya vasitələrini məhv etməyə başladı”.