“Hazırda dünyada düyünün qiymətində artım var”.
Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli bildirib.
Onun sözlərinə görə, düyünün bahalaşmasının əsas səbəbi dünyada baş verən müharibələrin logistikaya mənfi təsiridir.
“Ölkəmizə düyü, əsasən, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran və Hindistandan idxal olunur. İdxalın təxminən 25 faizi Pakistanın payına düşür. Ona görə də Pakistandan ölkəmizə idxal olunan düyünün gömrük rüsumundan azad edilməsi qiymət artımının qarşısının alınması üçün müsbət addımdır. Bu qərar düyünün qiymətinin enməsi yox, bahalaşmanın qarşısının alınması üçündür. Gömrük rüsumunun ləğv edilməsi sahibkarların Pakistandan ölkəmizə daha çox düyü gətirməsinə səbəb olacaq”, - deyə ekspert qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz idxal gömrük rüsumundan azad edilir.
Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad olunur.
Bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minir.