Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Türkiyədəki səfirimiz, diplomatik korpusumuz barədə ağır ifadələr işlədib.
Bakupost.az xəbər verir ki, o, Ukraynadan təxliyə olunmuş azərbaycanlılarla İstanbul aeroportunda görüşüb və bu barədə video paylaşıb.
Həmin videoda soydaşlarımız Türkiyədəki səfirliyimiz barədə şikayət edib, onların diqqətsizliyindən gileylənib.
Q.Osmanov isə ad çəkməsə də, səfirliyimiz barədə kəskin ifadələr işlədib: “Onlar hamısı öz cəzasını alacaq. Dövlət heç kimi boş buraxmır, dovşanı arabayla tutur. Əgər dünən burada bir əclaf sizi qarşılasaydı, düzgün söhbət etsəydi, indi burda problem olmazdı. Xeyli adam Bakıya çatardı. ”
Səfir daha sonra soydaşlarımıza səbirli olmağa çağırıb: “Sizin özünüz həmin adamlardan dəyərlisiniz. İnsanın dəyəri vəzifəsilə ölçülmür. İnsanlara münasibətilə ölçülür. Bizin Prezidentimiz gedib kənd adamının əlini öpür, onlara ehtiramını bildirir. Mən də Prezidentin nümayəndəsi kimi sizin yanınızdayam. Siz yaramaz adamlara fikir verməyin”.
Bu videonu Müsavat Media qrupunun rəhbəri Rauf Arifoğlu özünün feysbuk hesabında paylaşaraq, Q.Osmanovun haqlı olduğunu bildirib, Türkiyə və Ukraynadakı səfirlərimizi müftəxor adlandırıb: “Ankarada böyük səfirliyimiz, İstanbulda çoxştatlı konsulluğumuz olduğu halda, Moldova səfiri Qüdsi Osmanov gedib İstanbulda müharibə qaçqınlarının problemlərini həll edir. Heç nəyə yaramayan diplomat və müftəxor XİN çalışanlarını sistemdən uzaqlaşdırmaq lazımdır.
Fərarilik edib, Kiyevdən qaçan Elmira Axundova hələ də Ukrayna səfiridir! Hələ də səfir kimi yüksək maaş alır! Belə olmaz axı!!! Bu yaramazları, öz vəzifəsinin öhdəsindən gələ bilməyənləri hələ də iş başında saxlamağın anlamı nədir! Fövqəladə durumlarda adekvat olmayan bütün dövlət kadrosu yenilənməlidir!”.
Tanınmış jurnalist Aida Eyvazlı səfir barədə yazı yazaraq Bakupost.az -a göndərib.
Məsələnin aktuallığını nəzərə alaraq həmin yazını təqdim edirik:
"Diplomat səlahiyyətinin nədən ibarət olduğunu bilməyənlərədir sözüm!
Söhbət ondan gedir ki, əsil diplomatlar öz işlərini görəndə bunu reklam etmirlər. Çünki hər addımları diplomatik olmalıdır. Bu gün ölkənin bəzi saytlarında bir şoumen psevdodiplomatın, öz işini dövlətin və diplomatiyanın tələblərinə uyğun ləyaqətlə görən diplomatik nümayəndəliyimiz haqqında hərcayı fikirlər dolaşdı.
Dövlətimizin və dövlətçiliyimizin, milli birliyimizin maraqlarının qorunmasını əsas amalı sayan biri kimi bu məsələyə biganə qala bilmədim.
Rusiya Ukraynanı işğala başlayan gündən oradan qaçan insanlarımızın təxliyə olunması haqqında Azərbaycan dövləti yerüstü təxliyəni Ankaradakı diplomatik korpuslarımıza tapşırdığını hamımız bilirik. Həmin gündən etibarən Ukraynadan Türkiyə tərəfə gələn insanlarımızın 10 minə yaxınının təxliyəsi məhz Türkiyədəki diplomatik korpuslarımızın və nümayəndəliklərimizin əməyi hesabına həyata keçirildi.
Moldovaya avtobusları da Türkiyədəki diplomatlarımız göndərdilər. Həmin avtobuslarla qayıdan vətəndaşlarımızı da, qeyri-vətəndaşlarımızı da Ankaradakı səfirliyimiz və İstanbuldakı konsulluğumuz qarşılayıb yola salıblar. Onların təyyarə biletləri, onların yeyib-içməkləri, onların xəstəxanaya yerləşdirilməsinin hamısı Azərbaycanın vəsaiti ilə Türkiyədəki diplomatlarımızın əməyi hesabına həyata keçirilib.
Və bu haqda bu günə kimi Türkiyədəki diplomatlarımız bir şəkil və ya video belə paylaşmayıblar. Çünki onlar bilirlər ki, bu bəlaya düçar olmuş insanların dərdlərindən şou düzəltmək olmaz! Üzərlərinə Azərbaycan dövlətinin və dövlət başçısının qoyduğu vəzifəni icra edirlər.
Avtobusun qabağında balaca uşağı əlinə alıb şou düzəltmək diplomatlıq deyil, artistlik və şoumenlikdir.
Və bir də ki, bu gün bəzi saytlarımızda sürətlə tirajlanan Ankara səfirliyimizi qınayanlaradır sözüm. Mən o 80 nəfərin bir neçəsi ilə artıq əlaqə saxlaya bildim.
Məlum oldu ki, bu, Qüdsi Osmanovun yeni şousudur.
Adam deyərlər ki, əgər siz Moldovada səfirsinizsə, dünyanın bu qarışıq vaxtında niyə postunuzu qoyub İstanbula və ya Bakıya gəlirsiniz?
Moldovadan sonuncu olaraq yola salınan 80 nəfərin təyyarə biletinin alınması, onların yola düşməsi üçün şəraitin yaradılmasını Moldovada olan səfir hansı səlahiyyətlə həyata keçirə bilər ki? Bütün diplomatik qayda və nizamnaməyə görə bu işi həmin ölkədəki diplomatik nümayəndəlik həyata keçirir.
Bu diplomatın ölkəmizə qarşı təxribatları bitmir ki, bitmir. Bu psevdodiplomatın işi-gücü saxta reklam və dövlətlər arasında gərginlik yaratmaqdan ibarətdir...
Bu gün Qüdsi Osmanovu qəhrəman kimi təqdim edən sayt rəhbərləri və media kapitanlarından isə soruşuram ki, Ukraynadan yola çıxıb müxtəlif ölkələrdən Türkiyəyə gəlib, sonra, oradan Azərbaycana yola salınan 10 minə qədər soydaşımızın və ya qeyri- soydaşımızın içərisində bu günə qədər narazı və şikayətçi olduğu haqqında xəbər eşidiblərmi?
Əlbəttə ki eşitməmiz. Ona görə də Qüdsi Osmanovun diplomat imitasiyasına inanmayın!!!".