Azərbaycanda "avtobus pulu" qonşu ölkələrdən bahadır… – HESABLAMA

 11-04-2022

Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, daşıyıcı şirkətlər öz müraciətlərində Bakıda tətbiq edilən tarifin qonşu ölkələrlə müqayisəsini aparıblar. Onlar iddia ediblər ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda ictimai nəqliyyatda (avtobuslarda) gediş haqqı daha aşağıdır. 

Apardığımız araşdırma isə göstərir ki, ictimai nəqliyyatda istifadə olunan əsas növ yanacağın qiymətilə müqayisə edildiyi zaman daşıyıcı şirkətlərin iddiaları həqiqətdən uzaqdır. 

Məlumat üçün bildirək ki, həm qonşu ölkələrdə, həm də Azərbaycanda ictimai nəqliyyat (avtobuslar) əsasən dizel yanacağı ilə işləyir. Bu səbəbdən də qonşu ölkələr və Azərbaycanda dizel yanacağının qiymətlərini ictimai nəqliyyatdakı gediş haqqı ilə müqayisə etdik. Bu müqayisədən sonra məlum olur ki, Azərbaycanda daşıyıcı şirkətlər qonşu ölkələrin analoji şirkətlərindən daha çox qazanc əldə edirlər.

- Azərbaycanda 1 litr dizelin qiyməti mövcud məzənnə (1,7 AZN/$) ilə hesablayanda 47 sent (80 qəpik) təşkil edir. İctimai nəqliyyatda gediş haqqı isə 18 sentə (30 qəpik) bərabərdir. Rəqəmlərdən də göründüyü kimi 1 litr yanacağın qiyməti gediş haqqından cəmi 2,6 dəfə çoxdur. Yəni, Azərbaycanda ən azı 3 nəfər ictimai nəqliyyatdan istifadə etsə, daşıyıcı şirkət 1 litr dizel yanacağı satın ala biləcək.  

- Ermənistanda 1 litr dizelin qiyməti mövcud məzənnə ilə (475 AMD/$) hesablayanda 1,2 dollar (570 dram) təşkil edir. İctimai nəqliyyatda gediş haqqı isə 21 sentə (100 dram) bərabərdir. Rəqəmlərdən də göründüyü kimi 1 litr yanacağın qiyməti gediş haqqından 5,7 dəfə çoxdur. Ermənistanda daşıyıcı şirkətin 1 litr dizel ala bilməsi üçün ictimai nəqliyyatdan ən azı 6 nəfərin istifadə etməsi lazımdır. 


- Gürcüstadan 1 litr dizelin qiyməti mövcud məzənnə ilə (3,1 GEL/$) hesablayanda 1,32 dollar (4,1 lari) təşkil edir. Gürcüstanda (Tblisi) ictimai nəqliyyatda gediş haqqı tarifləri Azərbaycan və Ermənistandan fərqlidir. Belə ki, bu ölkədə günlük, aylıq, illik və s. olmaqla limitsiz istifadə oluna biləcək kartlar satılır.

Məsələn, hazırda bir illik limitsiz kartın qiyməti 250 lari (80 dollar) bərabərdir. Bir sərnişin gün ərzində orta hesabla 2 dəfə ictimai nəqliyyatdan istifadə etsə, o zaman 1 biletin qiyməti 11 sent (0,34 lari) təşkil edəcək. Rəqəmlərdən də göründüyü kimi 1 litr yanacağın qiyməti gediş haqqından 12 dəfə çoxdur. 


- Türkiyədə 1 litr dizelin qiyməti mövcud məzənnə ilə (14,7 TRY/$) hesablayanda 1,46 dollar (21,5 lirə) təşkil edir. Türkiyədə də ictimai nəqliyyatda gediş haqqı tarifləri Gürcüstandakı kimi fərqlidir. Bu ölkədə tələbələr, müəllimlər, yaşlılar güzəştli qiymətlərdən istifadə edirlər.

Ölkənin ən böyük şəhəri İstanbulda hazırda ictimai nəqliyyatda 1 biletin qiyməti güzəştsiz kateqoriyaya daxil olanlar üçün 52 sentə (7,6 lirə), tələbələr üçün isə 25 sentə (3,7 lirə) bərabərdir.

Rəqəmlərdən də göründüyü kimi 1 litr yanacağın qiyməti gediş haqqından müvafiq olaraq 2,8 və 5,8 dəfə çoxdur.


Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.23680210113525