Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin (KTN) birgə təşkilatçılığı ilə xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ixtisaslaşmış əməliyyat qruplarının assosiativ-simulyasiya təlimi təşkil edilib.
Simulyativ təlimin keçirilməsində məqsəd yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəlikləri baş verdiyi halda, ölkədə böhran vəziyyətinin idarə olunmasından və buna hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Simulyasiyada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) üçüncü biotəhlükəsizlik səviyyəli 3 səyyar laboratoriyasının imkanlarından istifadə olunub. Bu laboratoriyalar virusoloji və bakterioloji müayinələrin aparılması üçün tam təchiz edilib və bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verir. Laboratoriyaların tətbiqi regionda müxtəlif zoonoz xəstəliklərin yayılması riski olduğu indiki şəraitdə qısa müddət ərzində xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək hazırlıq səviyyəsi hesab edilir. Təlimə həmçinin şərti olaraq xəstəliklərin baş verdiyi ərazidə dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin aparılması üçün Kənd Təsərrüfatı Nazirliyinin xüsusi təyinatlı avadanlıqları və dezinfeksiya qurğuları gətirilib.
Təlimdə xəstəlik baş verdiyi şərti ərazidə epizootoloji monitorinqlərin aparılması, diaqnostik material nümunələrinin səhra şəraitində üçüncü biotəhlükəsizlik səviyyəsinə malik laboratoriyalarda analiz edilməsi, epizootiya ilə əlaqədar peyvəndləmə və baytarlıq-sanitariya tədbirlərinin icra olunması prosedurları sınaqdan keçirilib. Həmçinin ilk dəfə olaraq, müdaxilə edilməsi çətin olan relyef şəraitində, eləcə də həmin yerlərdə yerləşən vəhşi quşların və heyvanların məskunlaşdığı yerlər dronlar vasitəsilə müşahidə edilərək coğrafi koordinatları təsbit edilib. Eyni zamanda əldə olunan məlumatların AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi üzərindən izlənməsi təmin edilib.
Tədbirdə AQTA-nın, AQTİ-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Baytarlıq Elmi Tədqiqat İnstitutunun, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Abşeron və Binəqədi rayon icra hakimiyyətlərinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak ediblər.