Vergi borcları olan şirkətlər necə milyonlarla tenderin qalibi olur?

 11-04-2022

2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük müharibəsi zamanı bir çox rayonlarda xəsarət alan bəzi evlər hələ də təmir və bərpa edilmədiyini bildirilir.

Həmin evlərinin sahibləri bildiriblər ki, artıq aylar keçməsinə baxmayaraq ya onların problemləri ilə məşğul olan yoxdur, ya da görülən iş yarımçıq qalıb.

2021-ci ilin iyunun 6-da Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi «Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri» ilə əlaqədar tender müsabiqəsi keçirib.

etender.gov.az saytıda yerləşdirilən məlumatlara əsasən ümumi dəyəri 17 milyon 936 min 25 manat 67 qəpik olan tender müsabiqələrinin qalibi 6 şirkət olub. Bu şirkətlər Gəncə, Tərtər, Füzuli, Naftalan, Ağcabədi, Goranboy, Beyləqan, Mingəçevir, Ağdam və Bərdədə tikinti, təmir və bərpa işlərini görməlidir.

Tərtərdə dağılmış evlərinin təmir və bərpası ilə 3 şirkət məşğul olmalıdır:

«AZ-Caspian Construction» MMC (VÖEN- 1200409991) – 1 milyon 368 min 546 manat 83 qəpik,

«Real-İnşaat» MMC (VÖEN-3400157541) – 5 milyon 454 min 248 manat 45 qəpik və «Az Graft Construction» MMC (VÖEN- 6200389011) – 2 milyon 244 min 369 manat 29 qəpik ayrılıb.

Etender.gov.az saytında qeyd olunub ki, bundan əvvəl də – aprel ayında eyni məqsədlə 22 milyon 810 min manatlıq müqavilələr imzalanıb. Həmin vəsaitdən Tərtərdə evlərin bərpası və təmiri ilə məşğul olan «Real-İnşaat» MMC-yə 5 milyon 671 min 57 manat, «Az Graft Construction» MMC-yə 3 milyon 387 min 525 manat vəsait ayrılıb.

Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi yeni tenderin qalibini açıqlayıb. Bu dəfə də 3 milyon manatlıq tenderin qalibi "Real-İnşaat” MMC olub. Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.

Hımçinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə və Naftalan şəhərlərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi tenderin qalibi  “Parlaq-N” MMC olub və 4 milyon manatlıq tenderi udub.

İqtisadçı Aydın Allahverdi  bildirib ki, aprel ayında milyonlarla manat dəyəri olan tender müsabiqəsi cəmi bir həftə ərzində yekunlaşdırılıb. «Bu cür böyük layihə üçün «Açıq tender» keçirmək əvəzinə, martın 29-da «Təkliflər sorğusu» elan olunub. Sənəd qəbulu 2 gün sonra başlayıb və aprelin 2-də başa çatıb. Üstəlik elan rəsmi qəzetlərdə sənəd qəbulunun başladığı gün yerləşdirilib. Bu cür böyük müsabiqəni bir həftəyə necə yekunlaşdırmaq olar?».

Ekspertin sözlərinə görə, «Dövlət Satınalmaları haqqında» Qanunun 6.2.5-ci maddəsində qeyd olunur ki, vergi borcu olan şirkətlər tender müsabiqələrində iştirak edə bilməzlər. «Amma aprel ayında «Az Graft Construction» MMC-nin 31 min, «Real-İnşaat» MMC-nin 8 min, «PARLAQ-N» MMC-nin isə 191 min manat vergi borcu olmasına baxmayaraq milyonlarla manat dəyəri olan tender müsabiqələrində qalib elan ediliblər».

O, qeyd edib ki, şirkətlərin bir çoxunun normal veb-saytı, sosial şəbəkə hesabları belə mövcud deyil, nizamnamı kapitalı 20 manat olan «Real-İnşaat» şirkətinə isə 5,7 milyon manat vəsait ayrılıb.

Məsələ ilə bağlı adları çəkilən icra hakimiyyətlərindən bildirilib ki, qurum rayonda xəsarət alan evlərinin bərpası və təmiri ilə məşğul olmur. «Həmin işlə Arxitektura və Şəhərsalma Komitəsi və tenderi udan şirkətlər məşğuldur».

Arxitektura və Şəhərsalma Komitəsinin mətbuat xidmətindən isə bildirilib ki, məsələ araşdırılacaq. «Araşdırılandan sonra əlavə məlumat veriləcək».

Tenderi udan şirkətlərdən isə münasibət öyrənmək mümkün olmayıb.

Azər Mətin
MillətinSəsi.info

Bənzər yazılar

2.293536901474