Goranboyda restoranda saxta alkoqollu içkilər aşkar edilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Agentliyin əməkdaşları tərəfindən Goranboy rayonu, G.Civəzadə küçəsində yerləşən, fiziki şəxs Şahin Şamil oğlu Qarayevə məxsus “Şahin” restoranında plandankənar yoxlama aparılıb.
Yoxlama zamanı restorana gələn müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 2 ədəd 0.5 litrlik “Organic Line” əmtəə nişanlı, 2 ədəd 1 litrlik, 8 ədəd 0.7 litrlik və 4 ədəd 0.5 litrlik “Banketnaya Yubiley 10” əmtəə nişanlı və 2 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik “Хортиця” əmtəə nişanlı alkoqollu içki aşkar edilib. Malların orijinaldan kəskin fərqləndiyi, o cümlədən qanunsuz olaraq təkrar spirtli içkilərin butulkalarından istifadə edildiyi və digər hissələrin kustar üsulla hazırlanaraq bərkidildiyi müəyyən olunub.
Aşkar edilmiş faktla bağlı dərhal alkoqollu içkilərin realizasiyası dayandırılıb və məhsullar möhürlənərək saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.