Prezident İlham Əliyev: “Ermənistanda revanşist qüvvələr baş qaldırır”

 08-11-2022

“Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq”.

Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib. 

Dövlət başçısı qeyd edib ki, son iki il ərzində Silahlı Qüvvələrimiz daha da güclənib:

“Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması, eyni zamanda, mövcud olan birləşmələrin sayının artırılması, silah-sursatla təchizat, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!

Müharibədə uğur qazanmaq üçün biz çox önəmli layihələri icra etməli idik və etdik. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır”. 

Dövlət başçısı bildirib ki, eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı:

“Biz, ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik. Mənim prezidentlik dövrümdə əgər dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir, birinci yerdə. Halbuki, ölkənin başqa ehtiyacları var. Bir milyona yaxın məcburi köçkünün də problemlərini biz həll edirdik, onları da biz yeni evlərlə təmin edirdik. Maaşlar, pensiyalar, bunları da biz artırmalı idik və artırırdıq. Daha çox artırmaq istəyirdik və istəyirik. Ancaq, ilk növbədə, orduya, ilk növbədə, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verirdik. Bu gün də belədir. Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb.

Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”

Dövlət başçısı qeyd edib ki, 13-14 sentyabr hadisələri elə-belə baş vermədi:

“Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz bunu istəmirik, qan tökülməsini istəmirik. Sadəcə olaraq, haqqımızı istəyirik.

13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. 

Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.

Bənzər yazılar

0.22238492965698