“Fitch Ratings” niyə bank sektorumuzun zəif olduğunu düşünür?

 06-11-2022

“Fitch Ratings”in ekspertləri Azərbaycanın bank sektorunda irəliləyişlərin olduğunu qeyd etsələr də, sektorun hələ də zəif olduğunu bildirirlər. Bank ekspertləri beynəlxalq agentliyin yanaşmasının ədalətli olduğunu deyir və sektoru zəif salan faktorları sadalayırlar. 

Oktyabrın 21-də “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BB+” səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit”dən  “pozitiv”ə yüksəldib. “Fitch Ratings”in ekspertləri Azərbaycanın bank sektorunda irəliləyişlərin olduğunu qeyd etsələr də, sektorun hələ də zəif olduğunu bildiriblər. Bəs görəsən, agentlik niyə bank sektorumuzun zəif olduğunu düşünür? Bank sektorumuzu necə gücləndirə, beynəlxalq səviyyəyə çatdıra bilərik? Yerli ekspertlərimiz bu barədə nə düşünürlər? 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Bank sektorunu gücləndirən amillər 

İqtisadçı Xalid Kərimli “Kaspi”yə açıqlamasında bildirib ki, bank sektorumuz ümumi şəkildə zəifdir:

“Son illərdə Azərbaycanda bank sektorunun güclənməsinin səbəblərindən biri 2015-ci ildən sonra maliyyə stabilliyinin yaradılması və manatın məzənnəsinin dollara nisbətdə sabit saxlanması ilə əlaqədardır. Bu dövrdə iqtisadiyyatın inkişaf etməsi, əhalinin gəlirlərinin artması bank sektorunun da güclənməsinə gətirib çıxarıb. Amma ümumi şəkildə yanaşsaq, bəli, bank sektorumuz hələ zəifdir”.

Rəqabət zəif olanda banklar da güclü ola bilmir

Ekspertin fikrincə, bank sisteminin zəif olmasının bir sıra səbəbləri var:

“Əsas səbəblər idarəetmə, rəqabət və  iqtisadiyyatın strukturu ilə bağlıdır. Digər səbəb odur ki, Azərbaycanda bank sektorunda xaricikapitallı bankların iştirak səviyyəsi aşağıdır. Azərbaycan bazarında xaricikapitallı bank çox azdır və nüfuzlu banklar aktiv deyil. Bu da rəqabətin aşağı səviyyədə olmasına gətirib çıxarır. Rəqabət zəif olanda banklar da güclü ola bilmir”.

İqtisadçı bildirib ki, bank sektorunda rəqabət səviyyəsini aşağı salan əsas faktor Azərbaycanda bankların bir çoxunun ya dövlət bankı olması, ya da məmur biznesinə bağlılığıdır:

“Kapital bazarında inkişafın aşağı səviyyədə olması da bankların inkişafına məhdudiyyətlər qoyur. Ümumiləşdirmə aparsaq, bazar məhduddur və bölünüb. Bu da bankların rəqabət aparmasına imkan vermir”. 

İqtisadiyyatın strukturu da bank sektoruna mənfi təsir edir

X.Kərimli qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının strukturu da bank sektorunun güclənməsinə təsir göstərir:

“Azərbaycanda dövlətin əlində olan sektorlar hələ də aparıcı mövqeyə malikdir. Enerji və digər sektorlar dövlətin əlində cəmləşib və bu da bank sektorunun inkişafına imkan vermir. 2015-ci ilə kimi Azərbaycanda 45-ə yaxın bank var idi. İndi isə bankların sayı 30-a yaxındır. Kiçik banklar birləşir və yaxud da ləğv olunur, bazarda daha güclülər qalır”.

Şaxələnmiş bank sektoru yoxdur

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov dedi ki, Azərbaycanın bank sektoru da iqtisadiyyatımız kimi, əsasən, neft gəlirlərindən asılıdır:

“Çünki Azərbaycanda iqtisadiyyatın digər sahələri kifayət qədər inkişaf etməyib. Bizdə hansı sahəyə baxırsan əsas oyunçular, yəni sahibkarlar dövlət sektoruna bağlıdırlar. Dövlətin də əsas gəliri neftdəndir. Bu o deməkdir ki, bank sektorunda qeyri-sabitlikdir. Bu da bank sistemi üçün təhlükədir. 2015-ci ildə neftin qiyməti kəskin düşəndə, milli valyutamızda devalvasiya olanda gördük ki, Azərbaycanın bank sistemi çox zəifdir”.

Ekspert bildirib ki, son vaxtlar bank sektorunun güclənməsinin bir sıra səbəbləri var:

“Dünya bazarında neftin və qazın qiyməti qalxıb, Rusiya Ukrayna ilə müharibədədir, dünyada enerji böhranıdır. O cümlədən bizim valyuta ehtiyatlarımız artıb və bunun hesabına Azərbaycan iqtisadiyyatına əlavə pul gəlib. Dövlət sektoru böyük vəsaitlər xərcləyir. Bundan özəl sektor da vəsait götürür. Bu puldan bank sektoruna düşür və onlar da güclənir. Bu, təbii ki, əhaliyə də müsbət təsir edir. Vətəndaş maaş alır, əməkhaqqına güvənib kreditlər götürür və banklar yenə fəallaşmağa başlayırlar. Amma təəssüf ki, hazırda Azərbaycanda şaxələnmiş bank sektoru yoxdur”.

Ə.Həsənov qeyd edib ki, bank sektorunda boşluqlar da mövcuddur:

“Azərbaycanda normal qanunvericiliyi, idarəetməsi, nəzarət sistemi olan güclü bank sistemi yoxdur”.

Bənzər yazılar

0.14546895027161