Mühəndis-istehkamçılar Silahlı Qüvvələrimizdə əhəmiyyətli vəzifə icra edən qoşun növüdür. Döyüş əməliyyatlarında qazanılan müvəffəqiyyət bir çox hallarda məhz mühəndis təminatı üzrə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsindən asılıdır. Çünki düşmənin mühəndis maneələrindən və dağıntılarından keçidlərin açılması, əngəllərdən keçmələrin hazırlanması, ərazinin və obyektlərin minalardan təmizlənməsi, qoşunların hərəkəti, həmçinin də təxliyəsi üçün yolların hazırlanması və saxlanılması mühəndis-istehkamçıların əsas döyüş tapşırıqlarıdır.
“Kaspi” qəzetinin əməkdaşı Vətən müharibəsinin istehkamçı qəhrəmanlarından biri ilə söhbətləşib.
44 günlük Vətən Müharibəsində düşmən maneələrini dəf edən mühəndis-istehkamçılardan biri də Pərvaz Fəryaz oğlu Həsənovdur. O, 6 aprel 1983-cü ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub. 1988-ci ildə deportasiyaya məruz qalaraq Bakı şəhərində məskunlaşıb. 1996-cı ildə Nərimanov rayonundakı 177 saylı orta məktəbin 8-ci sinfini bitirərək Cəmşid Naxçıvanskı adına Hərbi Liseyə qəbul olub. 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Hərbi Ali Məktəbində “Mühəndis-istehkamçı” ixtisası üzrə təhsil alıb. Ardınca Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik zabit ixtisas kursu keçib. Kursu başa vurduqdan sonra leytenant rütbəsində, mühəndis-istehkam taqım komandiri vəzifəsində Silahlı Qüvvələrdə xidmətə başlayıb. 2007-2013-cü illərdə Murovdağdakı hərbi hissədə istehkam bölük komandiri, istehkam xidmət rəisi vəzifələrində xidmət edib. 2013-2016-cı illərdə reaktiv artilleriya, xüsusi mühafizə briqadalarının mühəndis xidmət rəisi olub. 2016-2021-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində mühəndis ixtisası üzrə zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçulara dərs keçib. Hazırda Silahlı Qüvvələrdə xidmətini davam etdirir.
Həmsöhbətimiz Vətən Müharibəsinə Təlim Tədris Mərkəzindən cəlb olunub. 2020-ci il sentyabrın 28-dən dekabrın 28-ə qədər Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı və Laçının bir hissəsinin azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak edib. Briqadanın mühəndis xidmət rəisi kimi tabeliyindəki şəxsi heyətlə birlikdə istənilən şəraitdə, tələb olunan həcmdə və lazımi ardıcıllıqla mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsini təşkil edib və buna görə məsuliyyət daşıyıb. Düşmənin qurduğu əngəllərdən, dağıtdığı yollardan, körpülərdən qoşunlarımız üçün keçidlər və təxliyə yolları açıb. Müharibə dövründə və sonra əraziləri, yol qovşaqlarını minalardan təmizləyən zabitimiz məkrli düşmənin qurduğu tələlərdən danışıb: “44 gün müddətində hər gün mövqe itirən və geri çəkilən düşmən bütün mövqelərini, yolları, keçidləri, körpülərin ətrafını minalayıb, hətta körpüləri partladıb. 30 il boyunca müdafiə mövqeyindəki minalanmış ərazilərin xəritələri olsa da, bu əməliyyatlar zamanı minalanmış ərazilərin hər hansı xəritəsi yoxdur. Qorxu və vahimə içində geri çəkilən düşmən demək olar ki, minanı hara gəldi səpələyib. Sadəcə təminat yollarını, dağı, dərəni, körpünü deyil, bəzi yaşayış məntəqələrindəki evləri də minalayıblar. Evlərin nəinki həyətlərində piyada əleyhinə minalar basdırılıb, hətta mənzillərin giriş qapılarında F-1 qumbaraları ilə sürpriz maneələr də quraşdırılıb ki, hansısa hərbçimiz gecələmək üçün həmin evlərin qapısını açıb içəri daxil olanda partlayış baş versin, tələfat yaşansın. Bizim başlıca vəzifəmiz qoşunlarımızın bütün bu maneə və təhlükələrdən itkisiz keçidini təmin etmək idi. Var gücümüzü ortaya qoyaraq vəzifəmizin öhdəsindən gələ, zəfərin əldə olunmasına töhfə verə bildik”.
Zabitimiz bildirib ki, Azərbaycan əsgəri qarşısında duruş gətirə bilməyib mövqelərini itirən ermənilər Zəngilan rayonu ərazisindəki körpüyə 450 kiloqram trotil (partlayıcı maddə) bağlayıb partlayış törətmək, bununla da hərbi kolonumuzu məhv etmək istəyirmişlər: “Zəngilandakı Ağalı kəndindən Mincivana və rayon mərkəzinə istiqamətlənən yoldakı strateji körpüyə ermənilər 450 kiloqram ağırlığında trotil quraşdırmışdılar. Onların hesablamalarına görə, bizim hərbi kolon bu körpüdən keçəndə partlayış olmalı və böyük insan, texnika tələfatı yaşanmalıydı. Yaxud körpüləri partladan ermənilər çayın keçid üçün münasib olan, dayaz hissəsində, çay kənarlarında piyada və tank əleyhinə minalar basdırmışdılar ki, şəxsi heyətimizə və texnikamıza ziyan dəysin. Hətta minaların altına da sürpriz tələlər quraşdırmışdılar ki, zərərsizləşdirəndə partlasın. Lakin bizim istehkam bölmələri düşmənin piyada və tank əleyhinə quraşdırdığı minaları, sürpriz tələləri ustalıqla zərərsizləşdirib qoşunlarımızın təhlükəsiz irəliləməsinə şərait yaradırdı”.
Polkovnik-leytenant P.Həsənov bildirib ki, Vətən Müharibəsində zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, Ordumuzun rəşadəti, xalqımızın həmrəyliyi böyük rol oynayıb. Onun sözlərinə görə, əsgər və zabitlərimizə olan inam, hətta onlara ünvanlanan məktublardakı xoş sözlər belə, hərbçilərimizə əlavə güc, qüvvət verib. Qazi zabitimiz Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medallarına, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla “Vətən Müharibəsi iştirakçısı” medalına layiq görülüb. Bununla yanaşı, Müdafiə nazirinin ayrı-ayrı vaxtlarda imzaladığı sərəncamlarla P.Həsənov “Qüsursuz xidmətə görə” III, II və I dərəcəli, həmçinin Silahlı Qüvvələrin 90, 95 və 100 illiyi yubiley medallarına layiq görülüb.