Zəngilan rayonunun Ağalı kəndinin daha 6 sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Onlardan Sahil Mahmudov və Natiq Mahmudova qəssab, Anar Məmmədova kişi bərbərxanası, Elnur Zeynalova kiçik dəmirçi sexi, Elman Zeynalova avtoçilingər, Tünzalə Orucovaya isə qadın gözəllik salonu zərfi üzrə mal və materiallar verilib.
Bununla da kənddə artıq 10-dək sakin üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb.
Aktiv paylanması prosesi və yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün Ağalı kəndinə mediatur təşkil edilib. Jurnalistlərə Ağalı kənd sakinlərinin məşğulluğunun dəstəklənməsi məqsədilə görülən işlər barədə məlumat verilib.
Ağalı sakinlərinin özünüməşğulluq proqramına cəlb edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilir
İlkin mərhələdə onlar üçün biznes təlimləri təşkil edilir, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar verilir. Daha sonra isə proqram iştirakçılarının kiçik təsərrüfatlarını qurmalarına dəstək göstərilir.