Son zamanlar Mədəniyyət Nazirliyi ətrafında baş verənlər cəmiyyətdə haqlı narazılığa səbəb olur. Həyatımızın vacib bir sahəsini əhatə edən bu dövlət qurumundakı yad mühit yaradıcı insanlar arasında da bir uçurum yaradıb sanki. Mədəniyyət sahəsindən xəbərsiz kadrların Mədəniyyət Nazirliyində yuxarı başa çəkilməsinin nəticəsidir ki, zəngin ənənəsi olan Azərbaycan incəsənətinə və onun görkəmli simalarına qarşı etinasızlıq adi hala çevrilib.
Üzləşdiyim hadisələrlə bunu sizə isbatlayacağam. Xatırlayırsınızsa ötən il Bakıda “Nizami Gəncəvi simpoziumu” keçirilirdi. Tədbirin keçirilməsinə cavabdeh isə Mədəniyyət nazirinin birinci müavini idi. Yeri gəlmişkən, həmin kadr bu məsul vəzifəyə təyin edilənə qədər Azərbaycanın xarici ölkələrdən birindəki səfirliyində ticarət nümayəndəsi kimi çalışıb. Simpoziumun həm özü solğun təşkil edildi, həm də dahi şairin Bakıdakı heykəli önündə nə qonaq görən oldu, nə adi gül çələngi. Yəqin Mədəniyyət Nazirliyinin rəsmisini Nizami Gəncəvinin heykəlini ziyarət etməkdən daha çox, dahi şairin “Yeddi gözəl” poemasının motivləri maraqlandırıb. Poemadakı multikultural mühitdənsə, orada təsvir olunan gözəllər daha cəzbedici olub. Əslində, Nizaminin əsərlərindəki multikultural mühitin tədqiqi nazir müavinindən daha çox kölgədə qalan Multikulturalizm Mərkəzinə aiddir.
Nazirliyin bu ilin yayında keçirdiyi “Göygöl yaylaq” festivalında yaşanan biabırçılıq hələ də unudulmayıb. Mətbuatın və ictimaiyyətin təpkisindən sonra Mədəniyyət Nazirliyi bərbad təşkilatçılığa görə üzr istəməyə məcbur oldu. Yeri gəlmişkən, “Yaylaq festivalı” da bayaq yuxarıda xatırladığım birinci müavinə həvalə edilmişdi.
Diplomatik xidmətdən Mədəniyyət Nazirliyinə transfer olunan kadrların yaratdığı problemlər bununla bitmir. Nazirlik rəsmisinin bütün dünyada tanınan, Azərbaycan həqiqətlərini beynəlxalq arenada layiqincə yayan fotoqraf Rza Diqqətinin yubileyindəki səhlənkar çıxışı zamanı salonda yaşananlar indi də gözlərim önündədir. Bu günlərdə Yazıçılar Birliyinin XIII Qurultayında söz alan mədəniyyətə cavabdeh şəxsin sönük çıxışını da dinləmək zorunda qaldım. Həmin şəxs qurumun adına gah birlik, gah da ittifaq deməklə tədbiri necə deyərlər yola verdi. Qurultayda nazirliyin kitab şöbəsinin müdiri tez-tez saatına baxaraq ona yad olan məclisdən yarımçıq ayrılmağın yollarını arayırdı sanki.
Yazıda əsasən rastlaşdığım məqamlara toxunmaqla mədəniyyət mühitindəki acınacaqlı mənzərəni təsvir etməyə çalışdım. Mədəniyyət Nazirliyində toplanan ”yad heyət” Azərbaycan mədəniyyətinə göstərdikləri ögey münasibətlə seçilir. Bu vacib dövlət qurumunda baş verən “məhəbbət macəralarının” səbəbkarları sudan quru çıxmaq üçün referansa arxalanaraq tez-tez ünvanlarını dəyişirlər.
Demək ki, son günlər Mədəniyyət Nazirliyində baş verən hadisələr zərurətdən yaranır. Onlar xalqa xidmət etməyin lazım olduğunun fərqində deyillər. Bəzən də vəzifə ilə kəbini səhv salırlar. Vəzifəli olmaq dövlətə, xalqa xidmət etmək şərəfidir. Odur ki, işimizi layiqincə yerinə yetirmək hər birimizin müqəddəs borcudur.
Çingiz Abdullayev, Kulturologiya elmləri doktoru, professor