Naxçıvanlı "Aptek Əli"HÖKM OXUNUB

 29-10-2022

Bakıda "Aloe Aptek”, "Buta0085” və "Tibbi ləvazimatların satışı” mağazasının sahibinə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, bu, 1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Bəyəhməd kəndində anadan olmuş, evli, ali təhsilli Əli adlı şəxs Milli Onkologiya Mərkəzinin yaxınlığında "Aloe Aptek”, Azərbaycan Tibb Universitetinin yaxınlığındakı "Buta 0085” aptek, Nəsimi rayonu, A.Səhhət küçəsi 35 ünvanda yerləşən "Tibbi ləvazimatların satışı” mağazasının sahibidir. 

O, qanunla dövlət qeydiyyatı tələb olunmayan dərman vasitələrinin siyahısına uyğun gəlməyən, yəni qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən, habelə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, yararlılıq müddəti bitmiş ümumilikdə 305.224,06 manat dəyərində dərman satışı həyata keçirməkdə günahlandırılıb. 

"Aptek Əli" sözügedən dərmanları 2018-ci ilin mart ayından 2021-ci ilin noyabr ayınadək olan müddət ərzində cinayətdən xəbərsiz tanışları - Azərbaycan vətəndaşı olan Teymur adlı şəxsdən, Ahmet və Mustafa adlı Türkiyə vətəndaşlarından, Turac adlı İran vətəndaşından şəxsdən və istintaqa məlum olmayan digər mənbələrdən əldə edib. 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2021-ci ilin noyabr ayında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin dərman vasitələri qeyd edilən apteklərdə xüsusi saxlanc yerlərindən götürülüb və məhv edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim olunub.  

Hər şeyin üstü isə xərçəng xəstəsi olan Həsən (ad şərtidir) adlı şəxs tərəfindən açılıb. "Buta 0085”də ona satışı ölkə ərazisində qadağan olunan "Opdivo” adlı dərmanın 1000 manata satıldığlı bildirilib. O, satıcıya dərmana ehtiyacı olan şəxsin maddi vəziyyətinin yaxşı olmadığını deyib və bir qədər ucuz qiymətə satmasını xahiş istəyib. Lakin satıcı onunla razılaşmayıb. Həsən adlı şəxs satışı qadağan edilmiş dərmanın "Buta 0085” adlı aptekdə satılması barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verib. Bir neçə gün sonra - 30 oktyabr 2021-ci il tarixdə idarənin nəzarəti altında 1000 manatı nağd ödəməklə "Buta0085” aptekdən "Opdivo” adlı dərmanı alıb. Bundan sonra idarənin əməkdaşları tərfindən aptekdə əməliyyat keçirilib. 

İstintaq zamanı şahid qismində dindirilmiş Gülçöhrə (ad şərtidir) ifadəsində bildirib ki, ona "sol süd vəzinin bədxassəli yenitörəməsi III dərəcə” diaqnozu qoyulub. Müalicəsi ilə əlaqədar "Medera Hospital”ın həkimi Oktay Fərəcovun təyin etdiyi dərman vasitələrini ATU-nun Onkoloji Klinikasının yaxınlığındakı "Buta Aptek”dən alıb.

Şahid qismində dindirilmiş Cavad (şərtidir) ifadəsində göstərib ki, "sidik kisəsinin bədxassəli yenitörəməsi” diaqnozu qoyulmuş atasının müalicəsi üçün "Medera Hospital”ın həkimi Oktay Fərəcovun təyin etdiyi "Gemzar 1 gr”, "Cisplatin 100 mg” və "Granidenk 3 mg” dərman vasitələrini 2021-ci ilin oktyabr ayında "Buta aptek”dən əldə edib.

Digər şahid Xəyalə (ad şərtidir) bildirib ki, onkoloji xəstəlikdən əziyyət çəkən anasını müalicə üçün "Leyla” klinikasına - Aliyə adlı həkimin yanına aparan zaman, köməkçisi Şəhla xanımın məsləhət bildiyi "Buta0085” aptekin müdiri Əlinin əlaqə nömrəsini götürüb. Onunla "WhatsApp"la onunla əlaqə saxlayaraq dərmanları alıb.

Şahid Pənah (ad şərtidir) deyib ki, həyat yoldaşı limfa düyünlərində bədxassəli şiş olduğundan Milli Onkologiya Mərkəzində onkoloji xəstə kimi qeydiyyatdadır. Əvvəllər tapa bilmədiyi "Erbitux” adlı dərmanı 2020-ci ilin əvvəllərində xatırlamadığı şəxsin məsləhət gördüyü Əlinin aptekindən alıb.

İstintaqa ifadə verən dərman alan şəxslər təqsirləndirilən şəxsə qarşı heç bir şikayətlərinin olmadığını bildiriblər. 

Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsə 1 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti cəzaya çevirilib.

Bənzər yazılar

0.45129489898682