Ləğv prosesində olan “AGBank” ASC-nin rəhbərinin sabiq müşaviri Çingiz Mənsimova qarşı 700 min manatlıq dələduzluq etməkdə ittiham olunan sürücüsü Şahin Fətəliyev və İlham Qasımova hökm oxunub.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Ş.Fətəliyev 11 və İlham Qasımov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Qasımov məhkəmə zalında həbs olunub.
Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən qaldırılmış 700 minlik mülki iddia baxılmamış saxlanılıb.
Qeyd edək ki, Ş.Fətəliyev “AGBank” ASC-nin rəhbərinin sabiq müşaviri Ç.Mənsimovun 20 il sürücüsü işləyib. Keçmiş bank müşaviri müalicə məqsədilə mütəmadi olaraq xaricə gedib-gəldiyi üçün hüquqi məsələlərlə bağlı Ş.Fətəliyevə etibarnamə verib.
Sonradan Ş.Fətəliyev etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsin mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb.
O, qanunsuz yolla ələ keçirdiyi mənzillərdən birini tanışı.Qasımov adına rəsmiləşdirilib.
Cinayət əməlinə görə Ş.Fətəliyev və İ.Qasımov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Məhkəmənin qərarı ilə Ş.Fətəliyev barəsində həbs qətimkan, İ.Qasımov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.