Sabir Rüstəmxanlı: “Güney azərbaycanlı yoldaşlarımıza dəstəyin göstərilməsi bu sahədə əsas qayə olmalıdır”

 26-10-2022

“Yazıçılara qayğının artırılması, kitab nəşrlərinin genişləndirilməsi, milli özünüdərk prosesinə təkan verən əsərlərin işıqlandırılması, Güney azərbaycanlı yoldaşlarımıza dəstəyin göstərilməsi bu sahədə əsas qayə olmalıdır”.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında millət vəkili, yazıçı Sabir Rüstəmxanlı deyib.

“Keçmişə baxanda görürəm ki, elə bir əhəmiyyətli məsələ yoxdur ki, o, ədəbiyyatımızda öz əksini tapmamış olsun. Bu gün gənclər ənənəvi sayılan köhnə stereotiplərdən daha cəsarətlə qopa bilirlər. Milyonlarla insanı meydana Azərbaycan ədəbiyyatı yığıb. Müstəqillik ideyasının baş memarı 1960-70-80-ci illərdə yeni bir intibah dövrünə qədəm qoyan Azərbaycan şeiri və nəsri olub. Siyasətçi sərhəd çəkir, ədəbiyyat isə sərhəd tanımır. Siyasət qurban tələb edir, ədəbiyyat isə özü qurban olur. Həmişə hərəkatlarda ön cərgədə dayananlar yazıçılar olublar. Haqq, ədalət, vətəndaşın hüquqlarının qorunmasını istəyir ədəbiyyat.

Ədəbiyyatımızda milli problemlərimiz əsas mövzu olmalıdır. Ona görə də qələm sahibi öz məsuliyyətini düşünməlidir. Rəsmi orqanlarımız illər uzunu Güney Azərbaycan üçün kadr hazırlamağı əldən veriblər. Sovet təfəkküründən qopa bilməmək Güneylə bağlı tədbirlərimizə əngəl olub. Bu gün Qarabağla bağlı gedən proseslər türk birliyinin gücünü göstərir. Biz bunu həmişə nümayiş etdirməliyik.

Mədəniyyət sahəsində aparılan yanlış siyasət nəticəsində kitab çapında ciddi problem var. Kəndlərdəki kitab ocaqları yarıbayarı ixtisar edilib. Televiziyalarda kitab təbliğatı unudulub. Əhalimizin bir hissəsi bu problemə görə yenidən orta əsrlərə qayıdıb. Oxucularımız əlimizdən alınırlar. İngilis və rus dilinin təbliği artır. Uyğun tədbirlər görülməlidir. Əlyazmalar İnstitutu daha etibarlı şəraitdə qurulmalıdır”.

Bənzər yazılar

0.19912195205688