“Qurultay hazırlıqlı bir şəkildə keçirilir. Bir müddətdir ki, hazırlaşılır, ona görə də hər cəhətdən yaxşıdır. Anar müəllim işə çox həssas yanaşır. Qurultayın keçirilməsində həmişə çətinlik ya inzibatçılığın, ya da demokratiyanın çox olmasından qaynaqlanır. Amma indi balans qorunub, hər ikisi yerindədir”.
Bu sözləri AYB-nin XIII Qurultayında iştirak edən Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Ümumi Dilçilik kafedrasının müdiri Nizami Cəfərov açıqlamasında deyib.
Professor qeyd edib ki, sədrliyə yaradıcı şəxsiyyət lazımdır:
“Yazıçılar Birliyini dağılmaqdan 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində Anar xilas edib. Ümummilli lider Heydər Əliyev Anarın səylərini gördü və maddi təminatları təşkil etdi. Ədəbi orqan yoxdursa, Yazıçılar Birliyi yoxdur, bu gün ədəbi orqan qorunur. Anarın idarəçilik üsulu daxilində hər cür demokratiya var, gənclər üçün də yol açıqdır. Kim istəsə, kitabı təqdim olunur. Gənclərə Prezident təqaüdü verilir. Bunları yaradan Anardır. Onun əvəzinə kim seçiləcək?
Bəlkə də, sizin dediyiniz maraqla qarşılanacaq ki, 35 illik hakimiyyəti (idarəçiliyi) heç kim qəbul etmir. Ancaq bu, hakimiyyət deyil. AYB-də hakimiyyət olmur. Sadəcə, nüfuzu, hörməti, idarəçiliyi Anar səviyyədə olan biri buyursun, namizədliyini irəli sürsün”.
“Nüfuz zamanla formalaşan bir şey deyilmi? Yəni gənclərə şərait yaradılmalı, onlar yaradıcılığını göstərməli və beləliklə, nüfuzları artmalı deyilmi?” sualına isə millət vəkili cavab olaraq bildirib ki, fikirlərlə razılaşmaya bilməz, ancaq bu gün real olaraq Anara alternativ yoxdur:
“Mən təhlükə hiss edirəm ki, idarəçiliyə bir inzibatçı gəlsin. Allah göstərməsin! Bir idarə etməyi bacarmayan istedadlı gəlsə, bu, qəbulolunandır. Amma inzibatçı gəlib hər şeyi korlaya bilər”.
Sayad Həsənli