Aydın Hüseynov: “Gürcüstan Azərbaycanın müəllifi olduğu uğurlu enerji diplomatiyasından faydalanmaqdadır”

 25-10-2022

“Azərbaycanla Gürcüstanı möhkəm siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı, mühüm qlobal və regional layihələr birləşdirir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

İki ölkə arasında yaxın dost və qardaşlığa çevrilmiş münasibətlərin hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıdığını bildirən deputat deyib ki, bu münasibətlər xalqlarımızın milli maraqlarını şərtləndirir:

“Hər iki ölkə son dərəcə strateji əhəmiyyətli bir regionda yerləşir. Qərb-Şərq arasında körpü rolunu oynayaraq ən strateji qlobal enerji, nəqliyyat layihələrinə imza ataraq bölgədə sabitliyin təmin olunmasına, ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına töhfə verir. Eyni zamanda iki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Həmçinin siyasi əlaqələr region üçün nümunəvi xarakter daşımaqla bölgədə geniş əməkdaşlıq, möhkəm və dayanıqlı sülh üçün xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mədəni-humanitar, ictimai-siyasi əlaqələr son illər ən yüksək zirvəyə çatıb”.

Deputatın sözlərinə görə, Azərbaycanla Gürcüstan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Xəzər-Qara dəniz, Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyada ən strateji qlobal layihələri gerçəkləşdirməklə bölgədə təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsində yeni səhifə açıb:

“TANAP, TAP layihələrinə qoşulmaqla Gürcüstan Azərbaycanın müəllifi olduğu uğurlu enerji diplomatiyasından faydalanmaqdadır. Hazırda Bakı-Tbilisi-Qars dəmiryolunun genişləndirilməsi və Orta Dəhlizin həyata keçirilməsi hər iki ölkənin bölgədə trans-nəqliyyat marşrutunun flaqmanları kimi mövqeyini artırmaqla daha da irəli aparacaq. İki ölkə arasında ticarət dövriyyəsi son illərdə daha da artıb və hazırda əmtəə dövriyyəsinin həcmi 1 milyard dollara yaxındır.

Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz birinci yerdədir. Azərbaycan Gürcüstana indiyə qədər 3 milyard dollara qədər sərmayə yatırıb. Təkcə Azərbaycan Dövlət Neft Şirkəti bu ölkəyə 1,5 milyard dollardan artıq həcmdə investisiyalar yatırıb və Gürcüstanın ən böyük vergi ödəyicilərindən biridir. Azərbaycanda isə 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət fəaliyyət göstərir”.

A.Hüseynov Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin görüşündə iki dost ölkə arasında strateji əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etməsinə dair açıq mesajlar verildiyini vurğulayıb. O qeyd edib ki, müzakirə edilən məsələlər iki qardaş ölkə arasında siyasi dialoqun həmişə fəal olduğunu və indi də fəal olmaqda davam etdiyini təsdiqləyir:

“Eyni zamanda hər iki ölkə xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edir və bir-birlərinin haqlı mövqeyini beynəlxalq tribunalarda dəstəkləyir. Azərbaycan və Gürcüstan hazırda yeni İpək Yolu layihəsində fəal rol almaqla yeni nəqliyyat və infrastruktur tranzitlərinin yaradılmasında da əsas yer tutur. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda iqtisadiyyat, enerji, nəqliyyat sahəsində yeni əməkdaşlıq məsələləri nəzərdən keçirilir ki, bu da iki ölkə arasında əlaqələrin inkişafını daha da sürətləndirəcək”.
 

Bənzər yazılar

3.0065109729767