Dünyada ərzaq məhsullarının ucuzlaşması bizə nə vaxt təsir edəcək? - ARAŞDIRMA + FOTO

 23-10-2022

Dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatdıqdan sonra ardıcıl 6 aydır ki, azalır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir. Əsas ərzaq məhsullarının beynəlxalq qiymətində aylıq dəyişiklikləri əks etdirən FAO-nun Ərzaq Qiymətləri İndeksi sentyabrda avqust ayına nisbətən 1,1 faiz azalsa da, keçən ilin sentyabr ayına nisbətən 5,5 faiz artaraq 136,3 bənd təşkil edib. Hətta bitki yağının qiymətinin bir ay ərzində 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşdüyü qeyd olunub. FAO-nun hesabatından da görürük ki, dünyada ucuzlaşma artıq başlayıb.

Biz isə hələ də bahalaşmanı müşahidə edir və artan templə davam etdiyinin şahidi oluruq. Bəs dünyadakı ucuzluğun bizə təsiri nə vaxt olacaq? İqtisadçılar nə deyir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 22 faizə yaxın artdığını vurğulayıb. Mütəxəssis bildirib ki, dünyadakı qiymətlər bizə dərhal təsir etmir:

“Dəyər zəncirində məhsul irəliləməsi zaman alan prosesdir. Bunu bizim bazarlarda müşahidə etməyə vaxt lazımdır. Qiymət artımı ilə bağlı ikinci problem odur ki, bəzən satıcı məhsulu baha qiymətə qoyur, alıcı da buna öyrəşir. Bu səbəbdən satıcı məhsulu ucuzlaşdırmır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarəti gücləndirməlidir. Növbəti illərdə ucuzlaşmanın olması gözləniləndir. Azərbaycanda 4-cü rübdə qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırılır. Ümumiyyətlə, 2023-cü ildən qiymət artımının cəmisi 6-7 faiz olacağı, inflyasiyanın aşağı düşəcəyi gözlənilir”.

İqtisadçı ekspert Rauf Qarayev isə dünyada ərzaq qiymətlərinin ucuzlaşmasının müvəqqəti olduğunu vurğulayıb:

“Çünki ərzağın əsas qiymətinə təsir edən amillər var. Bu amillərdən biri və ən əsası yanacaq qiymətləridir. Dünyada yanacaq qiymətləri bahadır. Bu halda ucuzlaşmadan danışmaq tezdir”.

Mütəxəssis Azərbaycanda yalnız kənd təsərrüfatı məhsullarının qiymətlərinin düşmə ehtimalının olduğunu vurğulayıb:

“Kənd təsərrüfatı məhsulları ölkədə istehsal olunduğu və müəyyən qədər güzəştlər olduğundan onların qiymətində enmə müşahidə edə bilərik. Amma xaricdən gələn məhsulların qısa müddətə qiymətinin düşəcəyini gözləmirəm”

İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, açıqlanan statistika tam normal və gözləniləndir. Amma bu enişlər cüzidir və ötən ilin səviyyəsinə çatmaq üçün yetərli deyil:

“FAO dövri olaraq ərzaq məhsullarının istehlak indeksi ilə bağlı hesabatlarını açıqlayır. Bilirik ki, 2020-ci ildə inflyasiya həddindən artıq sürətlə getdi. Yəni indiki cüzi enişlər yenə də ötən ilin səviyyəsinə çatmaq üçün yetərli olmayacaq”.

O bildirib ki, Azərbaycanın ciddi şəkildə idxaldan asılı olması bu gün bazarlarda xoşagəlməz vəziyyət yaradır:

“Rusiya və Ukrayna arasında olan müharibə dünyanın hər yerinə, daha çox isə müharibə gedən bölgənin ətrafında yerləşən ölkələrə ciddi təsir göstərib. Bu iki ölkə ilə ticari dövriyyəsi olan dövlətlərə isə ikiqat zərər dəyib. Azərbaycan da bu ölkələrdən biridir. Rusiya Azərbaycanın ixracda üçüncü, idxalda birinci ticarət tərəfdaşıdır. Yəni həm idxal, həm ixracda ilk üçlükdə qərarlaşan ölkədir. Bu səbəbdən Rusiya ilə Ukrayna arasındakı müharibə təbii olaraq, Azərbaycanın iqtisadiyyatına təsir edir. Bununla bərabər, dünyada inflyasiya baş verir və bu da ölkədə qiymətlərin daha yuxarı səviyyədə formalaşmasına gətirib çıxarır”.

Ucuzlaşma ehtimalına gəldikdə isə, mütəxəssis hələ növbəti ildə də inflyasiyanın arzuolunmaz formasını görəcəyimizi ehtimal edib:

“Amma inflyasiyanın sürəti növbəti ildə builki qədər olmayacaq. Səngiməni isə 2023-cü ilin sonlarına doğru müşahidə edə bilərik”.

İqtisad Universitetinin professoru Əli Əlirzayev dünyada gedən ucuzlaşmanın Azərbaycanda da müşahidə etmək üçün xeyli müddət lazım olduğunu düşünür:

“Qiymət əmələ gətirmədə aparıcı məhsullar var. O məhsulları hansı ölkə alırsa, onların ixrac etdiyi məhsulların da qiyməti artmalıdır. Bunlardan biri də neftdir. Dünyada neftin qiymətinin qalxması qiymətlərə təsir edir. Ola bilməz ki, sən baha qiymətə neft alasan, ərzağı ucuz satasan. Azərbaycan istehsalında da tələb var, amma təklif yoxdur. Bu da təbii olaraq qiymətlərin qalxmasına təsir edir. Bazarda olan məhsulun alıcısı çoxalırsa, onun qiyməti də qalxmalıdır. Bu səbəbdən düşünürəm ki, Azərbaycanda hələ qiymətlər uzun müddət dəyişməyəcək”.

Mütəxəssis vurğulayıb ki, hazırda məqsəd qiymətləri ucuzlaşdırmaq deyil, olduğu kimi saxlamağa nail olmaqdır:

“Çünki qiymətlər müəyyən səviyyəyə qalxandan sonra onu aşağı düşürmək mümkün deyil. Yalnız bahalaşma prosesinin qarşısını almaq olar. Biz də ucuzlaşdırmağa deyil, bahalaşmanın qarşısını almağa, hazırkı qiymətləri olduğu kimi saxlamağa çalışmalıyıq”.

Bənzər yazılar

0.14167809486389