Bakının mərkəzində “Era Tower” yaşayış binasından mənzil alan vətəndaşlar 8 İLDİR EVSİZ QALIBLAR

 18-10-2022

“Era Tower” yaşayış binasından mənzil alan vətəndaşlar səkkiz ildir ki, evlərinə köçə bilmirlər.

Bununla bağlı təxminən 20 gün əvvəl redaksiyamıza bina sakinlərindən şikayət daxil olub.

Bildirilib ki, binanın yarımçıq qalmasının səbəbi tikintini həyata keçirən “MACAZ Construction” MMC-nin Ağ Şəhərə olan milyonlarla borcunu ödəməməsidir. 

Bina sakinlərinin sözlərinə görə, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.

“Etibarlı və güvənli olduğu üçün Ağ şəhərdəki binalardan ev almaq istədik”

Sakinlər bildirir ki, məhz etibarlı və güvənli olduğu üçün Ağ Şəhərdəki binalardan ev almaq qərarına gəliblər. Belə ki, “Era Tower” yaşayış binasından həmin sakinlərə kart da verilib. Həmin kart isə illərdi yolunu gözlədikləri evlərin ikinci şəxs və ya şəxslərə satılmaması üçün onlara təqdim edilib.

“Şikayət etmədiyimiz yer qalmayıb”

Şikayətçilər arasında elələri var ki, 6 ildən çoxdur öz evinin pulunu verib. Evlərin hər birinin satıldığı deyilir. Sakinlərin sözlərinə görə, “Era Tower”dan sonra tikintisinə başlanılan bütün binalar təhvil verilib. Məsələ ilə bağlı dəfələrlə Ağ şəhər layihəsinə, “Era Tower”in rəhbərliyinə müraciət ediblər. Hətta prezident administrasiyasına da məktub ünvanlanıb. Ancaq hələlik müraciətlər cavabsız qalıb.

Şikayətçilər bildirir ki, şirkətin rəhbəri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sabiq sədri Akim Bədəlovdur. Onun oğlu, şirkətin təsisçilərindən olan Aqşin Bədəlov isə evlərində yaşamaq istəyən sakinlərin şikayətinə “pulumuz yoxdur, tikə bilmirik” deyib. Hətta o, sakinlərə “hara desəniz şikayət edin” deyə, cavab verib. Onu da qeyd edək ki, məlumata görə, həmin şirkətin 4 təsisçisi məhz Bədəlovlar ailəsinin üzvləridir. Digər ortaq isə Əliyev Əziz Eyyub oğludur. Bir neçə gün əvvəl də bina sakinləri tikintinin qarşısına toplaşaraq, etiraz etmək istəyiblər. Lakin şirkət direktoru onlarla görüşə gəlməyib. Bir sözlə, “Era Tower” yaşayış binası sakinlərinin haqqı yeyilməkdə davam edir.

İllərdir öz halal mənzillərində yaşamağı gözləyən şikayətçilər problemlərinin tezliklə həll olunacağını və evlərin onlara təhvil veriləcəyi günü gözləyirlər.

Görünən odur ki, Bakının mərkəzində onlarla insanın yüz minlərlə pulu mənimsənilib və buna qarşı heç bir tədbir görülmür.

Şirkətin direktoru Rəşad İsmayılovla əlaqə saxladıqda o, maliyyə probleminin aradan qaldırıldığını, bir həftəyə tikintiyə yenidən başlanılacağını və altı-səkkiz aya sakinlərin evlərinə köçə biləcəyini vurğuladı.

Lakin ötən gün mənzil sahibləri yenidən  müraciət edərək problemin aradan qaldırılmadığını diqqətə çatdırdılar. Təkrar Rəşad İsmayılova zəng vurduqda qurum rəsmisi bu dəfə də bir gün sonra, yəni 13 oktyabr tarixi üçün Ağ Şəhərlə müqavilə bağlanılacağını dedi.

Bu gün müqavilənin bağlanıb-bağlanmadığına dair məlumat əldə etməyə çalışdıqda isə Rəşad İsmayılov yenə eyni sözləri təkrarlayaraq yaxın dövr üçün “Era Tower” sakinlərinə vədlər verdi. Proseslə bağlı qısa bir araşdırma apardıqda Rəşad İsmayılovun üç ay əvvəl də eyni açıqlama ilə çıxış etdiyini aşkarladıq.

Azər Mətin

MillətinSəsi.info

Bənzər yazılar

0.20501399040222